“Şuşanın 33, Ağdərənin 14 kəndinə, Xocalıya vətəndaşlarımızı köçürməliyik ki…”

AKTUAL

Rusiya sülhməramlılarının dəstəyi ilə bu günədək Qarabağa 50 min erməni köçürülüb. İddialar var ki, köçürülənlər arasında vaxtilə burada yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər deyil, Ermənistan vətəndaşı olanlar da var. Məqsədli şəkildə Qarabağda ermənilərin sayı artırılır. Belə bir fonda öz dədə-baba yurdundan, o cümlədən Qarabağdan, Xankəndidən, Xocalıdan, Xocavənddən məcburi köçkün düşmüş azərbaycanlıların köçürülməsi hələ də yubanır. Rusiyalı sülhməramlılardan bu istiqamətdə hər hansı təşəbbüs belə göstərilmir. Dağlıq Qarabağda ermənilərin sayının bu cür sürətlə artırılması, rusiyalı sülhməramlıların bununla bağlı xüsusi və birtərəfli fəaliyyəti təbii olaraq Azərbaycan cəmiyyətdə haqlı narazılığa səbəb olur.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Qarabağa 50 min erməninin köçürülməsi Azərbaycanın suverenliyini təhdid etmir:
“Bundan sonra oraya lap 50 min erməni də gətirdilə bilər, baxmayaraq ki o qədər potensial yoxdur. Sadəcə olaraq rusların Qarabağdakı fəaliyyəti üçün onlara azərbaycanlı yox, erməni lazımdır. Təəssüf ki, rus sülhməramlıları məsələni birtərəfli şəkildə aparır. Onlar yalnız erməniləri gətirmək və onları bəhanə etməklə Azərbaycan ərazisində uzun müddət hərbi kontingenti saxlamaq, Cənubi Qafqazda mövcudluqlarını göstərmək istəyirlər.  Yəni Rusiya Qarabağ kartından istifadə edib həm Ermənsitanı, həm də Azərbaycanı təsiri altında saxlamaq niyyətindədir”.
Ekspert Qarabağa yerləşdirilən 50 min erməninin 30 faizinin geri qayıtdığını qeyd edib:
“Bu barədə erməni səhifələri, saytları məlumat paylaşır. Axı hazır evlər yoxdur ki, onlar gələn kimi orada yaşasın. Əksəriyyəti gəlib bəzi əşyalarını götürüb qayıdır. Yəni bu dəqiqə Xankəndidə 50 min erməni yaşamır. Lakin Xankəndidən nə qədər erməninin Ermənistana qayıtması barədə də dəqiq statistika aparılmır. Ermənistan mətbuatında yazırlar ki, Dağlıq Qarabağdan gələnlərin iş yeri ilə təmin etmək haqqında planlar cızılır. Yazılanlara baxmayaraq, əvvəldə də dediyim kimi, istər 150 min erməni gətirilsin, bu, bizim suverenliyimizi təhdid edə bilməz. Onlar sadəcə məsələni uzada, status məsələsini say hesabına görə qaldıra bilərlər. Amma Azərbaycan gecikmədən, 5 ilin tamamını gözləmədən düzgün, sərt, qətiyyətli siyasət aparsa, problem rahatlıqla həllini tapar.
Şuşanın 33 kəndinə, Ağdərənin 14 kəndinə, Xocalıya, o cümlədən digər ərazilərə biz vətəndaşlarımızı köçürməliyik ki, bizim nəzarət etmədiyimiz ərazilərdə suverenliyimiz təmin olunsun. Dağlıq Qarabağ ətrafından əvvəl, məhz oraya planlı şəkildə azərbaycanlıların köçürülməsi bütün məsələləri kökündən həll edəcək. Çünki erməninin orada perspektivi yoxdur. Onlar öz əmlaklarını satmaq istəyirlər. Biz orada olmasaq, kimə satacaqlar?! Biz orada olsaq, bu məsələlər çox sürətlə həll olunacaq. Ona görə də Azərbaycan dövləti ilk növbədə Dağlıq Qarabağın azərbaycanlı icmasını oraya köçürməlidir. Bütün planlar onun üzərində qurulmalıdır. İşimizi görüb məsələləri problem səviyyəsində qaldırmalıyıq ki, milli mənafeyə uyğun həll edə bilək”.  

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir