Azərbaycan yeni müharibəyə hazırlaşır? – Hərbi ekspertdən açıqlama

AKTUAL

Azərbaycan Ordusunun hərbçiləri Türkiyənin Sparta vilayətindəki Dağ Komanda Məktəbi və Tədrisi Mərkəzində Türkiyə hərbçiləri ilə birgə “Dağçılıq təlimləri” keçiblər. Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi twitter səhifəsində bildirib ki, birgə təlimlər martın əvvəllərindən başlayıb.

Qeyd edək ki, bundan öncə də 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021″ birgə hərbi təlimləri keçirilib.

Onu da xatırladaq ki, bu il martın 15-dən 18-dək Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı qoşun növləri “terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatları” üzrə tapşırıqları icra edib.

Martın 27-dən Azərbaycan Ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində də iştirak edir.

Ermənilərin vaxtaşırı revanşist və təxribatçı davranışlarının fonunda Azərbaycanın 44 günlük müharibədən – qələbədən sonra da fəal müharibə hazırlıqlarını davam etdirdiyi müxtəlif fikirləri ortaya çıxarıb.

Ekspertlər bildirirlər ki, Ermənistandakı revanşist qüvvələrin istəyinə qarşı bu dəfə Azərbaycan Ordusu, təhlükəsizlik strukturları Qarabağda erməni təxribatçılarının mövcud olduğu ərazilərdə əməliyyatlar keçirə bilər. Bir növ ordumuzun 44 günlük II Qarabağ savaşındakı parlaq qələbəsindən sonra arxayınlaşmadığı, əksinə, formada qalmaq üçün gərəkəndən artıq çalışdığı vurğulanır.

Bu kontekstdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir sitatı tez-tez xatırladılır: “Əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onların belini qıracaq”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb. O deyib ki, bu haqda danışarkən yaxın 5-6 ilin təhlilini aparmaq daha doğru olardı: “2016-cı ilin aprelinə qədər Azərbaycan güclü təlimlər keçirdi, ordu qururdu. Günlər sonra 5 ili tamam olacaq aprel hadisələrində düşmənə böyük dərs verdik. O zaman vasitəçilər öhdəlik götürdülər ki, Ermənistan torpaqları boşaldacaq. Xeyli danışıqlar getdi, Sərkisyan hakimiyyəti ilə vidalaşdı, hökumət başına keçən Paşinyan vəd verdi ki, işğal altındakı torpaqları geri qaytaracaq. Sadəcə, daxildəki problemləri həll etmək üçün zaman istəmişdi. Amma o, vədinə əməl etmədi. Hətta danışıq tərzini belə təcavüzkar dəyişdi. Yeni ərazi iddiaları irəli sürüldü. Müxtəlif sərsəm şüarlar səsləndirildi, bəyanatlar verildi.

Təxribatlara da əl atdılar. Sonunda Azərbaycan əks hücumla torpaqlarını azad etmək məcburiyyətində qaldı. Dünyanın bəzi ölkələri tərəfindən sülh çağırışları səslənsə də, Ali Baş Komandanımız sona qədər qətiyyətli mövqe sərgilədi. Nəticədə torpaqlarımızın böyük əksəriyyəti azad olundu. Məlum bəyanat imzalandı. Orada yazılıb ki, rus sülhməramlıları gəlməklə Qarabağdakı qoşunlar çıxarılacaq, məcburi köçkünlər öz yerlərinə qayıdacaqlar. Qarabağ məsələsi bununla bitmiş məsələyə çevrilirdi. Amma Ermənistandakı bəzi qüvvələr bunun əleyhinə çıxırlar. Azərbaycan da öz təlimlərini davam etdirir. Bu təlimlər terrorçu qrupların və qanunsuz silahlı birləşmələrin məhv edilməsinə hazırlıq kimi daha çox təşkil olunur. Əvvəl işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində təlimlər keçirilirdisə, indi Qarabağ münaqişəsi bitib, amma orada terrorçular, qanunsuz birləşmələr olduğu üçün onları oradan çıxarmaqdan danışa bilərik. Azərbaycan Ordusu istənilən vaxt antiterror əməliyyatları keçirə bilər. Beynəlxalq hüquq da bunu deyir”.

Hərbi ekspert hər şeyin Ermənistandan asılı olduğunu da söylədi: “Ermənistan ağlını başına yığmasa, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımasa, öz mövcudluğu sual altına düşəcək. Çox güclü ordumuz var. Bunu sübut etmişik. İndi 4-5 günlük antiterror əməliyyatları keçirib, Arayik Arutyunyan kimlərini həbs edib, məhkəmələr qarşısına çıxarmaq lazımdır. Bu məsələni Azərbaycan dövləti həll edəcək. Ermənistan bir sıra məsələlər var ki, onları həll etməyə gecikir. Minalanmış ərazilərin xəritəsini vermirlər. Mina məsələsi sırf peşəkar iş tələb edir. Hərbidə bir sıra məsələləri qeyri-peşəkarlar görə bilərlər, amma minalanma mümkün deyil. Ermənilərdə həmin xəritələrin olduğu məlumdur.  Qarabağ savaşında dörd minə yaxın soydaşımız itkin düşüb. Onların taleləri barədə məlumat vermirlər. Onlar Xankəndi, Xocalı və digər ərazilərdən getməli və bəyanat verməli idilər ki, Azərbaycanla normal münasibətlər qurmaq istəyirlər. Dövlətimiz istənilən situasiyaya hazırdır, bunu qətiyyən unutmasınlar. Vətəndaşlarımızda bəzi narahatlıqlar var ki, bunlar başadüşüləndir. Ermənistandakı cinayətkar rejim ağlını başına yığmasa, Azərbaycan antiterror əməliyyatları keçirib, bu məsələni birdəfəlik kökündən həll edə bilər. Biz 30 ilə yaxın səbir etdik, dünya susdu. İndi dünya istəyirsə ki, bu məsələ həll olunsun, o zaman himayədarları Ermənistanın başına ağıl qoymalıdır. Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələdə heç vaxt güzəştə getməyib, getmək fikrində də deyil”. /Musavat.com

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir