“Bu gün Tovuz rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi anama deyib ki, əgər imtahandan kəsilsən, işdən cıxarılacaqsan”.
Azadmediatv.com-un xəbərinə görə, bu haqda “Reportyor.info” saytının rəhbəri Arifə Əliyeva sosial şəbəkələrdən etdiyi çağırışlarda belə deyib. Onun sözlərinə görə, Tovuz rayonu Əyyublu kəndinin Tibb Məntəqəsində 34 ildir əmək fəaliyyətiylə məşğul olan anası Almaz Sadıqova, sertifikasiya imtahanından keçə bilmədiyi üçün xəstəxananın rəhbərliyi tərəfindən bildirilib ki, daha işə gəlməsin, çünki növbəti sertifikasiya imtahanından keçənədək məvacibi tamamilə dayandırılıb. “Nazirlər Kabinetinin qərarına görə, şəxs sertifikasiya imtahanından kəsilərsə, 6 aydan sonra yenidən imtahan verə bilər. Anamın pensiya yaşına isə hələ 4 il qalıb. Bir neçə xəstəliyi var və yaşlıdır. Bu yaşında xəstə qadın yaşadığı stresslərdən sonra necə imtahana hazırlaşa bilər?”.
A.Əliyeva qeyd edib ki, bu ilin may ayında anası A.Sadıqova sertifikasiya imtahanı versə də, lakin imtahandan keçə bilməyib: “Sertifikasiya imtahanı ilə bağlı qanunvericiliyə görə, 6 ay müddətində ikinci dəfə imtahan vermək mümkündür. Bu müddət ərzində isə həmin şəxsin əmək haqqı ödənilir. Lakin anam may ayından bu yana əmək haqqını ala bilmir”, – deyə o, əlavə edib.
Onun sözlərinə görə, tibb məntəqəsindən anasına bildirilib ki, artıq o əmək haqqını İcbari Tibbi Sığorta İdarəsindəm istəməlidir: “Bu qurum isə heç bir səbəb göstərmədən anamın maaşını vermək istəmir. Yeri gəlmişkən, anam 5 il əvvəl də sertifakisya imtahanı verib. Həmin vaxt birinci imtahandan kəsilib, ikinci dəfə imtahan verib və keçib. Bu müddət ərzində anamın əmək haqqı ödənilib. Amma bu dəfə bildirirlər ki, əmək haqqını İcbari Tibbi Slğorta İdarəsi ödəməlidir. Anam ağır şəkər xəstəsidir. Həm imtahana hazırlaşmalı, həm də müalicəsini davam etdirməlidir. Əmək haqqını ala bilmədiyinə görə, bunları etmək imkanı da yoxdur”.
A.Əliyeva hesab ediir ki, bütün bunlar əslində, rüşvət və korrupsiyanın siqnallarıdır: “Onu da deyim ki, işdən çıxan işçilərin yerinə 4000 AZN alıb, yenisini işə götürürlər. Eştdiyimə görə, artıq baş həkim bu yöndə hazırlıq işlərinə də başlayıb. Qeyd edim ki, həftənin beşinci günü anam təkrar sertifikasiya imtahanı verəcək”.
A.Əliyeva anasının əmək hüquqlarını pozduğuna görə, artıq Tovuz rayon Mərkəzi Xəstəxanasını da məhkəməyə verməyə hazırlaşdığını bildirib. O qeyd edib ki, A.Sadıqovanın hüquqları bərpa olunanadək mübarizə aparacaq, əlaqədar dövlət qurumlarının qarşısında etiraz aksiyaları keçirəcək.
Əmək Liqasının sədri, tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov baş verən hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, 34 il işləyən şəxsin peşəkarlığının yenidən qiymətləndirləməsi AR Konstitusiyasına ziddir: “Saxta maddə Əmək Məcəlləsinə sonradan pərçim edildi . Əslində isə, Əmək Məcəlləsi hamıya aid idi və 3 dəfə attestasiyadan keçən şəxsin peşəkarlığı bir daha yoxlanıla bilməz”.
Azadmediatv.com