Kamaləddin Qafarov: “Hadrut əməliyyatı həm strateji, həm də mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyət kəsb edirdi”

AKTUAL

“Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə etdiyi tarixi səfərlə bu ərazilərin gələcək inkişafı ilə bağlı planların icrasına start verildi. Dövlət başçısının səfəri zamanı etdiyi açılışlar və qatıldığı təməlqoyma mərasimləri bir daha Azərbaycanın yaradıcı ruhunu və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.” Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymaqla Azərbaycan xalqının özünün milli və dini dəyərlərinə hər zaman xüsusi ehtiramla yanaşdığını bir daha təsdiq edib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həqiqətən də möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş şəhərlərimiz, qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır. Artıq məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində yeni salınan kəndlər ən müasir texnologiyaların tətbiqi ilə qurulacaq. Ağıllı kənd və qəsəbələr artıq sadəcə bir layihə deyil, kommunikasiya və infrastrukturları qurulan, gerçək simaları sürətlə formalaşdırılan real yaşayış məskənləridir. Əlbəttə ki, bu ərazilər tezliklə məskunlaşdırılacaq, insanlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan xalqı yeniliyə, müasirliyə açıq olduğu qədər öz tarixinə, adət-ənənələrinə, milli və dini dəyərlərinə də son dərəcə bağlılığı ilə seçilən bir xalqdır. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə etdiyi səfər çərçivəsində yerli əhali üçün inşa ediləcək məscidin təməlini qoyması xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq. Maraqlıdır ki, Vətən müharibəsi başa çatandan dərhal sonra artıq bəzi Qərb dövlət liderləri Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri ilə bağlı məsələ qaldırırdılar. Onları guya ki, bu məbədlərin aqibəti narahat edirdi. Əlbəttə ki, belə davranış daha çox xristian məbədlərinə dair narahatlıqdan deyil, öz cəmiyyətlərində və dünyada islamofob hissləri qızışdırmaq məqsədilə sərgilənirdi. Prezident İlham Əliyevin öz çıxışlarında dediyi kimi, bu kimi məsələ qaldıranlar çox zaman müsəlman məbədlərinin talan və təhqir edilməsinə, dağıdılmasına göz yuman və hətta bu əməlləri törədənlərə bəraət qazandıranlar

olublar. Onların qaldıırdıqları məsələlər barədə danışmağa ümumiyyətlə haqqları yoxdur. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman ölkəmizin ərazisində olan bütün məbədləri tarixi sərvətimiz hesab edib. Bundan sonra da bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə dostluq, qardaşlıq şəraitində yaşayacaqlar.”

Kamaləddin Qafarov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrasının müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Bu gün işğaldan azad edilmiş ərazilərimizdə gedən bərpa-quruculuq işlərinin yüksək səviyyədə icrası, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafı baxımından həmin ərazilərdə həyata keçirilən yol-infrastruktur layihələrinin icrası müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan Ölkə Prezidentinin oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olması da bir daha bu işlərin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Xüsusilə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun öz başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməsi Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyətini daha da artırır. Məlumat verildiyi kimi, yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Həmçinin layihəyə görə, Füzuli-Hadrut avtomobil yolu da öz başlanğıcını Zəfər yolundan götürməklə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Bundan əlavə, hazırda uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir.”

Kamaləddin Qafarov Vətən müharibəsinin gedişində Hadrut əməliyyatının həm strateji, həm də mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, məhz bu səbəbdən Ermənistan hökumətinin bir müddət öz xalqını Hadrutun onların nəzarətində qalması ilə bağlı yalanlarla aldatmağa çalışdığını vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi,

Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Azərbaycan məhz az itkilərlə qəsəbəni götürmək əzmində idi və ordumuz buna da nail oldu. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə həmin vaxt bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Halbuki, açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Yalnız Ali Baş Komandanın əmri ilə Hadrutda Azərbaycan bayrağı qaldırıldıqdan sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistanın təbliğatı da, tarixi də, keçmişi də, dövlətçiliyi də saxtadır və tamamən yalanlar və uydurmalar üzərində qurulub.”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir