Aqiyə Naxçıvanlı: “Azərbaycan Prezidenti bir daha Ermənistanı ona verilmiş tarixi şansı əldən verməməyə çağırdı”

AKTUAL

“Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmasından artıq bir il keçir. Təbii ki, postmüharibə və postmünaqişə dövründə istər Azərbaycanda, istərsə də ümumilikdə Cənubi Qafqazda gedən proseslər dünya birliyi ölkələri üçün böyük maraq kəsb edir. Xüsusilə Azərbaycanın da üzv olduğu MDB ölkələrinin bu məsələyə marağı təbiidir və anlaşılandır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında etdiyi çıxışında təqdim etdiyi dolğun məlumatlar və ətraflı açıqlamalar mühüm əhəmiyyət daşıyır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışında “Dağlıq Qarabağ münaqişəsi”nin keçmişdə qaldığını vurğulamaqla Azərbaycanın bu məsələyə münasibətini bir daha ortaya qoydu və yaranmış yeni reallıqların olduğu kimi qəbul edilməsinin vacibliyini hər kəsin diqqətinə çatdırdı: “Ölkə Prezidenti hər zaman olduğu kimi, bu iclasda da Azərbaycan həqiqətlərini olduğu kimi bütün iştirakçıların diqqətinə çatdırdı. Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq 2020-ci ilin 27 sentyabr tarixində başladığı hərbi əməliyyatları tarixi Qələbə ilə başa vurdu və bununla da öz ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etdi. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanat imzaladıqlarını bir daha diqqət mərkəzinə çəkməklə dövlətimizin başçısı məhz bu Bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu vurğuladı. Həmçinin hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd edərək Prezident İlham Əliyev bu səbəblə hər iki tərəfdən minlərlə insanın ölümündən qaçınıldığının önəmli hal olduğunu bildirdi. Məhz Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Lakin buna qədər Azərbaycan Ordusu artıq 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi. Buna görə də deyə bilərik ki, münaqişə hərbi-siyasi yolla həll edildi. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.”

Daha sonra Aqiyə Naxçıvanlı bildirib ki, bu gün Azərbaycanın müəyyən ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi də 10 noyabr Bəyanatının şərtlərinə uyğundur: “İmzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə bölgədə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə sülhün qarantı kimi Türkiyə və Rusiya hərbçiləri birgə fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, hər iki ölkə bizim üçün dost, qonşu ölkədir və məhz onların iştirakı ilə belə bir mərkəzin yaradılması böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılır. Türkiyə isə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayır. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə iştirak edirlər. Belə bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan əks-hücum əməliyyatlarını apardığı müddət ərzində Rusiya öz neytrallığını tam olaraq qoruyub saxladı. Hətta Rusiyanı aktiv hərbi əməliyyatlara cəlb etmək üçün bu ölkədə fəaliyyət göstərən güclü erməni lobbisinin və böyük imkanlara malik ermənipərəst media qurumlarının da göstərdikləri ciddi cəhdlər heç bir nəticə vermədi. Ümumilikdə Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Bununla belə həllini gözləyən müəyyən məsələlər də qalmaqdadır. Məsələn, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər problemi var. Belə ki, bəzi xarici vətəndaşlar hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar və bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb.”

Həmçinin millət vəkili Prezident İlham Əliyevin öz çıxışında bir daha Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışmasının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bundan əvvəl etdiyi çıxışlarında da son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır. Həmçinin dövlətimizin başçısı MDB ölkələrinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında etdiyi çıxışında Azərbaycanın təbiətinə çox böyük ziyan vurulduğunu qeyd edib. Belə ki, işğal dövründə 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.”

Sonda Aqiyə Naxçıvanlı Vətən müharibəsinin ən əhəmiyyətli nəticələrindən biri kimi də məhz İrandan Azərbaycan ərazisindən keçməklə Ermənistana və daha sonra Avropaya uzanan narkotrafik marşrutunun bağlanmasını qeyd edib: “Öz çıxışında möhtərəm dövlət başçımızın toxunduğu ən mühüm məqamlardan biri də İrandan Avropaya uzanan narkotrafik marşrutunun bağlanması ilə bağlı idi. Məlumdur ki, Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bu il tutulub saxlanmış heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Diqqətəlayiq haldır ki, işğal illərində Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, artıq sübut edilmiş faktdır. Lakin bütün bunlar artıq tarixdə qalıb. Bu gün Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinə dair Ermənistanla danışıqlara başlamağa hazırdır. Əgər Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməsə, bu zaman Cənubi Qafqazda dayanıqlı sülhə və inkişafa nail olmaq daha asan olacaq.”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir