Vətən, millət uğrunda döyüşərkən həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. “Şəhid” ərəb mənşəli kəlmə olub xəbər verən, bildiyini söyləyən, hazır olan və hadisəyə şahidlik edən anlamını ifadə edir. İslam alimlərinin fikrincə, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin mühafizəsini, malını, şərəf və namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər. Bundan əlavə, soyğunçu, terrorçu və dövlətçiliyə zərbə vuranlarla mücadilədə həlak olanlar, ruzi dalınca qürbətə gedib, orada ölən saleh bəndələr, elm uğrunda və ailəsi üçün halal çörək qazanarkən dünyasını dəyişənlər, təbii fəlakətdən həlak olan möminlər, əlacı olmayan ağır xəstəliklər ucbatından həyatdan köçənlər, haqqı müdafiə edərkən qətlə yetirilənlər, bir sözlə, Allah rizası üçün və Onun yolunda canını qurban verənlər şəhid hesab olunurlar.
Tanrı dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 154).
Peyğəmbərimiz (ə) isə şəhidlik haqqında buyurmuşdur ki, cənnətə girən şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər.
Şəhidlik, həmçinin günahların bağışlanmasına vəsilə olan fəzilətli əməldir. Bununla bağlı Həzrət Məhəmməd (s) demişdir: “Şəhidin qul borcundan başqa, bütün günahlarını Allah bağışlayır”.
Allah yolunda şəhid olanlar və savaşda düşməni öldürənlərlə bağlı buyurulur: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır…!” (Tövbə, 111). Ayədən göründüyü kimi, Rəbbimiz müqəddəs amallar uğrunda canını qurban verən salehlərlə yanaşı, vuruşub öldürən möminləri də cənnətlə müjdələyir. Peyğəmbərimiz (ə) buyurmuşdur ki, gələn təhlükəni görüb qapanmayan gözün sahibi Allah yolunda bu təhlükəni aradan götürürsə, o bəndə, bütün insanlardan daha xeyirli iş görmüş olur.
İslam alimləri şəhidliyi iki növə bölmüşlər:
1. Dünya və axirət etibarı ilə şəhidlik (Şəhidi-kamil). Bu qrupa İslamın beş təməl əsası və Vətən uğrunda həlak olanlar aid edilir. Kamil şəhidlik üçün altı şərt vacibdir: o, müsəlman və ağlı başında olmalı; həddi-buluğa çatmalı; heyz, nifas və cünub olmamalı; vurulduqdan sonra dərhal ölməli; qəsdən (bilərəkdən) öldürülməlidir. Kamil şəhidlər yuyulmadan, qanlı paltarları ilə dəfn edilirlər. Sevimli Peyğəmbərimiz (s) qeyd edir ki, mən qiyamət günündə şəhidlərin Allah yolunda canlarını sevərək fəda etdiklərinə şahidlik edəcəyəm. Onları qanlı paltarları ilə dəfn edin.
Bəşər tarixində ilk şəhid Həzrət Adəmin (ə) oğlu Həzrət Habildir (ə). Əbədi ölməzlik və kamil şəhidlik zirvəsi isə İmam Hüseynə (ə) məxsusdur.
2. Axirət baxımından şəhidlik (Şəhidi-uxrəvi). Onlar kamil şəhidliyin tələb etdiyi şərtlərdən birinin olmaması səbəbilə yuyulub kəfənlənəndən sonra dəfn edilənlərdir. Suda boğulanlar, yanğın və uçqunda ölənlər, elm uğrunda və tibbin aciz qaldığı xəstəlik səbəbindən dünyasını dəyişənlər və s.Şəhidlik məqamının Allahın bəxş etdiyi böyük nemət olması barədə Qurani-Kərimdə buyurulur: “Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər” (Ali-İmran, 170).
Peyğəmbərimiz (s) də şəhidlik mərtəbəsinin ucalığına işarə edərək buyurmuşdur: “Allaha and içirəm ki, Onun yolunda döyüşüb öldürülməyi, sonra dirildilib yenə öldürülməyi, sonra təkrar-təkrar dirildilərək öldürülməyi nə qədər də çox istəyirəm”.
Şəhidlik, eyni zamanda, insanın edə biləcəyi ən yaxşı əməldir ki, bunun vasitəsilə günahları bağışlanıb axirət səadətinə qovuşa bilər.
Şəhadət məktəbində şəhid olan insanları Allah yüksək qiymətləndirir. Dinimizdə təcavüzlə şəhid adı almaq mümkün deyil. Bir şəxs ki, digər ölkələri zəbt edərkən həlak olur, onu şəhid adlandırmaq olmaz. İslamın bu cür hərəkətlərə rəğbəti yoxdur.
Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qazi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur.
Ulu babalarımız döyüşə gedərkən şəhid olmaq üçün Allaha yalvarırdılar, bu uca məqama nail olmadıqda isə qəhrəmanlıq şərəfi ilə təsəlli tapırdılar. “Şəhadət şərbətini içmək” onların sarsılmaz imanı idi.
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaş borcudur.
Namiq Zeynəddin, Yenicag.az, 2016