Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev ölkəmizin Ermənistan ərazilərini işğal etdiyini deyən qüvvələrə sərt mesaj ünvanladı”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində bir daha Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi və geostrateji reallıqların ətraflı təhlilini təqdim etmişdir. Dövlətimizin başçısı bu reallıqlar şəraitində bütün region ölkələrinin, o cümlədən Ermənistanın açılan yeni inkişaf perspektivlərindən maksimum yararlana bilmələri üçün hər kəsin atmalı olduğu addımlardan danışmış, mövcud vəziyyətdə revanşist əhval-ruhiyyənin və qonşu ölkələrə qarşı ərazi iddialarının təhlükəli motivasiya olduğunu vurğulamışdır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkilinin sözlərinə görə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi yönümündə əsas rol oynayan Azərbaycan bundan sonra da bütün region ölkələrinin, eləcə də qonşu dövlətlərin inkişafına böyük töhfələr verməyə hazırdır: “Ölkənin ərazi bütövlüyünün təmin olunması Azərbaycan tarixində baş vermiş ən önəmli, möhtəşəm hadisələrdən biridir. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Əlbəttə ki, bu tarixi Qələbənin əbədiləşdirilməsi üçün işğal dövründə öz doğma torpaqlarından köçkün düşən vətəndaşların həmin torpaqlara qayıdışı təmin olunmalıdır və hazırda bu istiqamətdə böyük işlər görülür. Möhtərəm Prezidentimiz öz müsahibəsində bu məsələyə toxunaraq bildirmişdir ki, müharibə bitər-bitməz Azərbaycan vaxt itirmədən dərhal işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başladı və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə maliyyə vəsaitləri kifayət etməz. Bu layihələri həyata keçirə bilmək üçün resurslar, kadrlar olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Azərbaycan bütün bu işlərin öhdəsindən yüksək səviyyədə gəlir. Artıq ilin sonuna qədər bütün bölgənin elektrik enerjisi ilə təminatı başa çatdırılacaq. Həmçinin yolların inşası və digər işlər davam edir. Lakin Prezident İlham Əliyevin müsahibəsində diqqəti xüsusilə cəlb edən bir məqam da bu oldu ki, dövlətimizin başçısı bütün bu yaradılan şəraitdən bölgədə yaşayan erməni əhalisinin də yararlanmaq şansı olduğunu vurğuladı. Möhtərəm Prezidentimiz qeyd etdi ki, görülən bütün işlər ilk növbədə bölgənin yenidən qurulması və keçmiş məcburi köçkünlərin tezliklə oraya qayıda bilmələri üçün həyata keçirilir. Bölgədə yaşayan erməni xalqının nümayəndələri isə artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişlər ki, onlar da bu işlərə cəlb olunsunlar. Çünki bu insanlar orada səfalət içərisindədirlər. Azərbaycan Prezidenti bu məsələyə bir daha münasibət bildirərək qeyd etdi ki, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Əgər bu insanlar da bu faktı qəbul etsələr, öz yaxalarını erməni təbliğatından qurtarmağa hazır olduqlarını göstərsələr, bu zaman biz də onları işlərə cəlb edə bilərik. Beləliklə Azərbaycan dövləti bir daha özünün humanistlik və ədalətlilik prinsiplərinə hər zaman sadiq olduğunu nümayiş etdirdi. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə təkcə Azərbaycanın deyil, həmçinin bütün region ölkələrinin və qonşu dövlətlərin də inkişafına güclü təkan verəcək. Lakin bunun üçün ilk növbədə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə tam əməl etməsi lazımdır.”

Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan regionda sülhün və inkişafın bərqərar olması üçün əlindən gələni edir. Lakin hadisələri gələcək inkişafı həç də Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsindən asılıdır: “Məlumdur ki, Ermənistan 10 noyabr Bəyanatına imza atmaqla öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Bu öhdəliklərin bir qismini məğlub durumda olan Ermənistan hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra məcburi qaydada yerinə yetirib. Belə ki, sözügedən Bəyanatda işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Lakin Ölkə Prezidentinin də öz müsahibəsində qeyd etdiyi kimi, o zaman Ermənistan bu məsələyə çox məsuliyyətli yanaşırdı. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu Bəyanata imza atmasaydı, onların durumu daha pis ola bilərdi. Lakin sonradan vəziyyət bir qədər dəyişdi. Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Lakin bu bağlantı hələ də təmin olunmayıb. Bununla da Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Lakin Azərbaycan hələlik səbirli, təmkinli davranır və Ermənistan rəhbərliyinə şans verir ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın.”

Daha sonra Aqiyə Naxçıvanlı Ermənistanın yenidən silahlandırılması məsələsi və bununla bağlı yayılan açıqlamalarda Rusiyanın adının hallandırılmasına dair Azərbaycan Prezidentinin verdiyi açıqlamanın əhəmiyyətini vurğulayaraq bunları deyib: “Əlbəttə ki, Ermənistanın silahlanması yalnız regionda sülhə və əminamanlığa təhdid kimi qiymətləndirilə bilər. Lakin bir faktı nəzərə almaq lazımdır ki, bu ölkənin hazırda heç bir silah almağa maliyyə imkanları qətiyyən yoxdur. Deməli söhbət yenə də pulsuz silahlanmadan gedə bilər. Təbii ki, bu aspektdən baxdıqda Ermənistanı pulsuz silahlandıra biləcək əsas dövlətlərdən biri kimi ilk növbədə Rusiyanı düşünmək olar. Lakin nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan-Rusiya münasibətləri artıq kifayət qədər yüksək səviyyədədir və Rusiya tərəfi Ermənistanın silahlandırılmasının Azərbaycanı narahat edə biləcəyini anlayır. Prezident İlham Əliyev verdiyi müsahibədə bu məsələyə toxunaraq bildirdi ki, Rusiya tərəfinə Ermənistan mediasında yayılmış xəbərlə bağlı sorğu göndərilib və qarşı tərəfin də cavabı bu olub ki, həmin məlumatlar yalandır. Əlbəttə bu, Ermənistanın qurmağa çalışdığı nə ilk, nə də son oyun olmayacaq. Məqsəd isə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Ermənistanda hələ də belə bir düşüncə var ki, revanşist qüvvələr nə vaxtsa yenidən baş qaldırıb Azərbaycana qarşı savaşa çıxa bilərlər və belə olan halda Rusiyanın dəstəyi onlara kömək olar. Lakin dövlət başçımızın dediyi kimi, onlar yanılırlar. Çünki Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir və bu iki ölkə arasında bütün məsələlər prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində açıq şəkildə müzakirə edilir. Beləliklə, Ermənistanın bu təbliğat cəhdləri də onlara uğur gətirə bilməz.”

Sonda Aqiyə Naxçıvanlı bu gün Azərbaycanı Ermənistan ərazilərini işğal etməkdə ittiham edən qüvvələrə Azərbaycan Prezidentinin ünvanladığı sərt mesajın siyasi əhəmiyyətini vurğulayaraq bunları deyib: “Müharibənin bitməsindən artıq bir ilə yaxın vaxt keçib. Lakin bu müharibə hələlik yalnız savaş meydanında başa çatıb. Siyasi müstəvidə mübarizə hələ də davam edir. Bu gün bəzi ermənipərəst qüvvələr Azərbaycanı Ermənistannın ərazilərini işğal etməkdə ittiham etməyə çalışırlar. Əlbəttə ki, tamamilə yalan üzərində qurulmuş iddialar Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək məqsədi güdür. Digər tərəfdən isə belə davranış bir daha ikili standartlar siyasətinin növbəti təzahürü kimi ortaya çıxır. Hamımız yaxşı bilirik ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxış və müsahibələrində bu kimi cəhdlərin qarşısını hər zaman qətiyyətlə və böyük məharətlə alır. O cümlədən Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində dövlətimizin başçısı bu məsələyə toxunaraq həmin qüvvələrə bir daha sərt mesajını çatdırdı. Ölkə Prezidenti dedi ki, biz öz dədə-baba torpalarımıza qayıtmışıq. Otuz illik işğal dövründə ermənilərin törətdikləri bütün cinayətlərə rəğmən susan, tarixi-dini abidələrimizin dağıdılmasına, talan edilməsinə göz yuman, Suriyadan, Livandan, başqa yerlərdən gətirilən ermənilərin bizim torpaqlarda qanunsuz məskunlaşdırılmalarını görməzdən gələn və bu gün Azərbaycanı nədəsə ittiham etməyə qalxan siyasətçilər isə riyakardırlar. Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdıb və bundan sonra əbədi olaraq həmin torpaqlarda qalacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir