Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır

Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edirdi. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirdilər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt yaratdı. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqda idi. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşməklə, onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyindən dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olurdu. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətə düşmüşdü və bu dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmamışdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, “Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub”.
Bu gün Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaranıb. Ermənistanın uzun illər davam edən hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda toxunmadığı, vandalizmə məruz qoymadığı bir məkan da qalmamışdı. Təəsüflər olsun ki, bunu bütün dünya görürdü, lakin açıq etirazlar bildirilmirdi. İllər idi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Ordusunun bölgəni qeyd-şərtsiz tərk etməsi ilə bağlı ardıcıl qətnamələri var idi. Lakin nə ermənilər bu ciddi, qanuni sənədə məhələ qoyurdular, nə də BMT Təhlükəsizlik Şurası qəti addımlar atırdı. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, həmin mötəbər qurumların çağırışlarına və bəyanatlarına əsaslanan sənədləri də icra etmiş oldu. Yəni öz gücü və qüdrəti sayəsində haqqı bərpa etdi.

Dövlət başçısının da bəyan etdiyi kimi, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bu yeni mənzərənin iki özəlliyi vardır: birincisi, regional əməkdaşlıqla beynəlxalq miqyasda əməkdaşlıq arasında daha uyğun şərait meydana gəlib; ikincisi, Azərbaycan bundan sonra da regionun lideri olaraq qalacaqdır!

Səməd Zeynalov,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir