Ermənistan hərbi cinayətkardır

Ermənistan tarix boy xalqımıza qarşı hərbi cinayətlər, terrorlar həyata keçirərək özünün qəddar, vəhşi xislətini nümayiş etdirmişdir. Dünyanın ən dəhşətli qətliamlarından biri olan “Xocalı soyqırımı”, eləcə də Baqanis –ayrım, Ağdaban və digər faciələr Ermənistanın hərbi cinayətlərinin, xalqımıza olan sonsuz və tükənməz nifrətinin əyani nümunələridir. Lakin təəssüflər olsun ki, “Xocalı soyqırımı”nı dünyanın cəmi 13 dövlətinin soyqırım kimi tanıması beynəlxalq ictimaiyyətin bu məsələyə biganə, laqeyd münasibətini göstərir. Ermənistan bütün dünyanın gözü qarşısında ardıcıl surətdə siyasi təxribatlar və hərbi cinayətlər törətməkdə davam edirdi. Danışıqlar prosesində bir qədər irəliləyiş olan kimi hərbi təxribatlara əl atır, mülki əhaliyə hücum edir, bununla da danışıqların nəticə verməsinin qarşısını qəsdən, bilərəkdən alırdılar. Hələ Vətən müharibəsindən öncə – iyul və avqust aylarında Ermənistan hərbi təcavüz etməkdən çəkinmədi. İyul ayında mülki əhalini və hərbçiləri güclü artilleriya atəşinə tutdu. Avqust ayında isə ölkəmizə göndərilən təxribat qrupu terror aktları törətməyə çalışsalar da, ordumuz tərəfindən bu qrup məharətlə zərərsizləşdirildi.

Vətən müharibəsində Ermənistan ballistik raketlərlə və artilleriya qurğuları ilə müntəzəm surətdə şəhər və kəndlərimizi atəşə tutdular. Bu baxımdan ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev bildirmişdir ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhə boyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimiz –Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər intensiv olaraq atəşə tutulurdu. Hətta cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı atəşə tutulurdu. Raketlərdən biri Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirildi. Ermənistan “Skad”, “İskəndər –M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kasset tipli sursatlardan istifadə etmişdir. Bu hərbi cinayət nəticəsində 100 –dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450 –dən çox insan yaralanmışdır. Azərbaycanın ərazilərinin 12000 mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya ciddi ziyan dəyib.

Erməni faşistləri təkcə insanlara qarşı deyil, həm də mədəni və dini abidələrimizə qarşı misli görünməmiş vandallıqları, vəhşilikləri ilə adlarını tarixin qara səhifəsinə həkk etmişlər. Abidələrimizi, məscidlərimizi tamamilə məhv etməklə doğma torpaqlarımızdan, müqəddəs yurd yerlərimizdən azərbaycanlıların izini silmək kimi bədxah, məkrli, çirkin niyyətlərlə yaşayan erməni vandalları nə qədər çalışsalar da, nə qədər cəhd göstərsələr də, öz iyrənc məqsədlərinə çata bilməyəcəklər. Onlar qurucu, yaradıcı deyil, əksinə, dağıdıcı, talançı olduqlarını öz əməlləri ilə bütün dünyaya göstərdilər. Əlbəttə, insanlığa yaraşmayan bu yaramaz hərəkətləri onlara heç də hörmət, başucalığı gətirmədi, özlərini dünya ictimaiyyəti qarşısında vəhşilər, barbarlar kimi göstərdilər. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, 30 il ərzində qədim mədəni və dini abidələr dağıdıldı –Urbisid (şəhərlərə qarşı genosid), kultursid (mədəni abidələrin genosidi). Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izlərini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması“ adlandırmışlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra ordumuz orada bir dənə də olsun salamat bina tapmayıb ki, bayrağımızı orada dalğalandırsın. Ermənistanın işğalı altında olan ərazilərdə 67 məsciddən 65–i yerlə yeksan edilib. Qalan ikisi ciddi zərər çəkib və təhqir edilib. Onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və təhqir edilib.

Ermənilərin türk millətinə nifrətləri o dərəcədə böyükdür ki, onlar bütün mümkün, insanlığa yaraşmayan, bəşəri duyğulardan, bəşəri hisslərdən, humanizmdən uzaq hərəkətlərdən istifadə edərək xalqımızdan əsassız olaraq qisas, intiqam almağa çalışırlar. Erməni faşistləri, qaniçənləri Azərbaycanın özünə məxsus olan su ehtiyatlarından namərdcəsinə xalqımıza qarşı istifadə etməyə, onları çətin duruma salmağa çalışır, çaylarımıza, meşələrimizə, digər sərvətlərimizə qənim kəsilir, ekoloji terrorlar törədir, bununla da öz qatı düşmənçiliklərini açıq –aşkar nümayiş etdirirlər. O da həqiqətdir və sübut olunub ki, Azərbaycanın işğal altında olan ərazilərinin təbii sərvətlərinin qanuna zidd olaraq istismarı ilə bir çox dövlətlərin şirkətləri fəaliyyət göstərmiş, külli miqdarda gəlir götürmüşlər. Bu xüsusda dövlət başçımız bildirmişdir: ”Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb. Ermənistan bizim keçmiş işğal olunmuş ərazilərimizdə su ehtiyatlarından süni ekoloji vəziyyət yaratmaq üçün istifadə edib. 2016–cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhə boyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnaməni qəbul edərək Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya siyasi təzyiq aləti kimi istifadəsinə son qoymasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terror aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə su anbarını açaraq keçmiş cəbhəyanı bölgələrdə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Ermənistan trans–sərhəd çaylarını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər bu ekoloji cinayətdə iştirak edirlər. Həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlanılıb və təbii ki, məsuliyyətə cəlb olunacaqlar.
Məlum olduğu kimi, ermənilər işğal olunmuş ərazilərimizdə yüz mindən çox mina basdırmışlar. 150–dən çox mülki şəxs və hərbçi bu minalara düşərək ya həlak olmuş, ya da müxtəlif xəsarətlər almışlar. Dəfələrlə müraciətlərin olunmasına baxmayaraq, Ermənistan torpaqlarımızın minalardan təmizlənməsi üçün zəruri olan xəritələrin verilməsindən yayınır. İşğalçı dövlət bu qeyri–insani davranışı ilə öz elindən–obasından didərgin salınmış azərbaycanlıların doğma ocaqlarına qayıtmalarına bilərəkdən maneçilik törədir. Bu isə həm insanlığa, humanizm prinsiplərinə, həm də insan hüquqları ilə bağlı qəbul edilmiş konvensiyaların müddəalarına daban–dabana ziddir. Bu məsələ ilə bağlı ölkə başçımız vurğulamışdır ki, Azərbaycan dünya dövlətləri içində ən çox minalanmış ölkələrdən biridir. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Azərbaycana üç rayon üzrə təqdim olunmuş minaların dəqiqliyi isə cəmi 25 faizdir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini, məcburi köçkünlərin evlərinə qayıtmalarını ləngidir.

Əlbəttə, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq hərbi cinayətlər törətmiş Ermənistanın məsul şəxsləri mütləq beynəlxalq məhkəmə qarşısına çıxarılacaq və öz layiqli cəzalarını alacaqlar.

Təranə Şiriyeva,
Salyan rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir