İlham Əliyevin keçirtdiyi mətbuat konfransında Azərbaycanla bağlı həqiqətlər dünyaya çatdırıldı

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün ölkəmizdə olan 30-dan çox xarici KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı 4 saatdan çox davam etdi. Bu müddət ərzində dövlətimizin başçısına 50-yə yaxın sual ünvanlandı. Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi.

Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı növbəti mühüm qələbəsidir. Dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq aləmdə Azərbaycana artan maraqdan xəbər verirdi. Bu, bir faktdır ki, Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Əvvəllər isə məlum olduğu kimi, mənzərə tam fərqli idi. Haqlı olduğumuz halda haqsız duruma düşürdük. Dövlətimizin başçısı mətbuat konfransında bu məsələni şərh edərək bildirdi ki, “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. İşğal altındakı torpaqlarımızın azad edilməsindən sonra Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılmışdır. Qarabağın dirçəldilməsi ilə bölgədə yeni siyasi konfiqurasiyanın yarandığı bir reallıqdır. Bu gün, demək olar ki, dünyanın bütün istiqamətlərindən ölkəmizə qarşı maraqlar tuşlanıb. Yeni logistika layihələri, təbii resurslardan istifadə, turizm üçün geniş imkanların yaranması bu bölgəni hər kəs üçün cəlbedici bir məkana çevirməkdədir. Çünki 30 il bundan öncəki məğlub Azərbaycana münasibətlə bugünkü qalib Azərbaycana münasibət arasında yerlə göy qədər fərq var. Ona görə də cənab İlham Əliyevin söylədiyi kimi, əgər Ermənistan təklənərək bu layihələrdən kənarda qalarsa, artıq heç kim, hətta ən yaxın tərəfdaşları onu himayə etməyəcək, itirən yalnız özü olacaq və nəticə onun üçün indikindən daha ağır olacaq. Dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Dağlıq Qarabağın statusu ilə bağlı verilən suala cavab olaraq Prezident İlham Əliyevin öz qəti mövqeyini ortaya qoymasını Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratdığına və bu reallıqların bütün dünya tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyinə dair növbəti mesaj kimi qiymətləndirdiyini bildirdi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.

Qeyd edək ki, 35 ölkəni təmsil edən jurnalistlərin dövlət başçımıza ünvanladığı 50-dən çox sualın əksəriyyəti məhz regiondakı bugünkü reallıqlar barədə idi. Azərbaycan – Türkiyə və Türkiyə — Ermənistan münasibətləri barədə verilən suallar isə bugünkü reallıqlarla yanaşı, tarixi reallıqları da əhatə edirdi. Hər zaman Azərbaycanın yanında olan Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlamaqla qardaşlıq nümunəsi göstərdi və bu mətbuat konfransında xüsusi qeyd olunub. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmayacaq və bunu Türkiyə özü müəyyən edəcək. Zəngəzur dəhlizinin işə düşməsi reallaşdırılarsa, bu təqdirdə Türkiyə-Ermənistan sərhədi də açılacaq. Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, regionun davamlı sabitliyi üçün bütün ölkələr arasında münasibətlərin normallaşdırılması və qarşılıqlı əməkdaşlığın qurulması zəruridir.

Asudə Kərimova,
Salyan rayonu Aşağı Kürkənd tam orta məktəbin müəllimi
aia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir