Kamaləddin Qafarov: “Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq”

“Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ölkəmiz üçün həm də yeni iqtisadi imkanlar açmışdır. Belə ki, işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan bu potensialdan yararlanmalıdır”. Bu sözləri yap.org.az saytına verdiyi müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə indiyədək görünməmiş nəticələrin əldə olunmasına zəmin yaradır: “İlk növbədə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır. Möhtərəm dövlət başçımızın da dediyi kimi, bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.”
Kamaləddin Qafarov qeyd edib ki, müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini də daha da möhkəmləndiriləcək: “Bu gün Azərbaycan ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. Bu baxımdan yüksək iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Növbəti on il ərzində də ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Ölkə Prezidenti tərəfindən müəyyən edilmiş Milli Prioritetlər də ilk növbədə məhz bu məqamların ön plana çəkilməsini və xüsusi diqqətə alınmasını nəzərdə tutur.”
Millət vəkili deyib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq: “Bu gün Azərbaycan əslində indiyədək dünyanın heç bir ölkəsində müşahidə olunmamış dinamika ilə öz inkişafına davam edir. Bununla belə dövlətimizin başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq. Bu prioritetlər: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Birmənalı olaraq, bu Milli Prioritetlər böyükdən kiçiyə, bütün təbəqələri əhatə etməklə bütün insalarımızın rifah səviyyəsinin yüksəlməsinə və dövlətimizin iqtisadi qüdrətinin artmasına sərrast hesablanmışdır. Adambaşına düşən milli gəlirin yüksəlməsi, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artması, birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması, əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsi kimi məqamlar bu prioritetlərin icrasından əldə olunacaq nəticələrin az bir hissəsi kimi nəzərdən keçirilə bilər. Beləliklə, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.”

AİA.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir