Səttar Möhbalıyev: Dövlətin mədəniyyət siyasətinin prioritet fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin yanvar ayının 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman söylədiyi nitqində səslənən fikirlər təkcə bu sahədə çalışan insanlar üçün deyil Azərbaycan mədəniyyətinə, milli-mədəni və tarixi irsimizə dəyər verən hər kəs üçün son dərəcə önəmlidir.

İlk növbədə möhtərəm dövlət başçımızın dünyada 50 milyondan çox insanın ünsiyyət vasitəsi oldan Azərbaycan dilinin saflığının qorunub saxlanmasının vacibliyini qeyd etməsi son dərəcə vacib bir məqam kimi diqqətə alınmalıdır. Həqiqətən də Azərbaycan dili milli-mədəni irsimizin digər tərkib hissələri ilə birlikdə əsrlər boyu bizi bir millət, bir xalq olaraq formalaşdıran əsas amillərdən biri kimi çıxış etmişdir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün daima çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Bu gün isə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin qorunması kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən də Ölkə Prezidenti bu istiqamətdə düşünülmüş və məqsədyönlü addımların atılmasını prioritet məsələlərdən biri kimi önə çəkmişdir.

Prezident cənab İlham Əliyevin çıxışında ətraflı təhlil edilən əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarixi, mədəni və dini abidələrin bərbası və qorunması istiqamətində görüləcək işlər barədə oldu. Ümumiyyətlə Azərbaycan tarixi abidələrlə zəngin olan bir ölkədir. Demək olar ki, bu abidələrin əksəriyyəti sadəcə bizim deyil, bütün bəşəriyyətin mədəni irsini zənginləşdirir. Məlumdur ki, Qız qalası, İçərişəhər, Şirvanşahlar saray kompleksi, eləcə də digər bölgələrimizdə yerləşən bəzi memarlıq abidələri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Həmçinin ölkəmizdə islam, xristianlıq və iudaizm dinlərinə aid olan çox sayda qədim məbədlər mövcuddur. Bu isə xalqımızın özü kimi onun daşıyıcısı olduğu tolerantlıq prinsiplərinin də Azərbaycanda qədim köklərə malik olduğunu göstərir. Bu gün ölkəmizdə dünyanın ən qədim məscidlərindən biri olan, VIII əsrə aid Şamaxı Cümə məscidi ilə yanaşı həm də xristian dininə aid olan Kiş kilsəsi yerləşir. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, Azərbaycanda yaşayan udilərin ixtiyarına verilmişdir. Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş Qafqaz Albaniyasına aid olan Nic kilsəsi isə hələ müharibə dövründə artıq açılmışdır. Bu gün ölkəmizdə bütün mədəni və dini abidələrin qorunması daim dövlətimizin diqqət mərkəzindədir. Şəxsən Prezident İlham Əliyevin təşəbbüsü ilə indiyədək bir çox tarixi abidələr bərpa edilib. O cümlədən ölkəmizdə yerləşən rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Lakin dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, indiyədək altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Əlbəttə ki, bu vəziyyət olduğu kimi qala bilməz. Artıq yaxın günlərdə Azərbaycan hökumətinin dəvəti əsasında İCESCO-nun missiyası və müvafiq ekspert qrupu Qarabağ bölgəsində müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı missiya həyata keçirəcək və bu vandalizm aktları barədə dünya ictimaiyyətini məlumatlandıracaqlar. Beləliklə, öz çıxışında Ölkə Prezidenti tarixi, mədəni və dini abidələrə xüsusi diqqət ayrılmasının vacibliyini bir daha vurğulayaraq bu sahənin milli mədəniyyətimiz üçün müstəsna önəm daşıdığını qeyd etmişdir.

Həmçinin qeyd olunmalıdır ki, Prezident cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin tacı sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə yenə də bütün xalqın iradəsini ifadə etmişdir. Artıq əminliklə demək olar ki, çox az bir müddətdən sonra bizimlə birgə xarici qonaqlarımız da Şuşada ənənəvi Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının iştirakçıları və seyrçiləri olacaqlar. Öz çıxışında möhtərəm dövlət başçımız ölkəmizin beynəlxalq nüfuzunun daha da qalxmasına, imicinin möhkəmlənməsinə xidmət edəcək bu kimi mədəni layihələrdən danışaraq qeyd etmişdir ki, Azərbaycan hər zaman dünya mədəni irsinə əvəzolunmaz töhfələr vermişdir.

Bir məqama da xüsusi olaraq diqqət yetirilməlidir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması təkcə ölkəmiz üçün deyil, əslində bütün mədəni beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən bir qərardır. Eyni zamanda da bu addım dövlətimizin başçısı tərəfindən Azərbaycanın ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya ədəbi-fəlsəfi tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Bu il dahi şairin 880 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Əlbəttə ki, bu yubiley təkcə Azərbaycanda deyil, həm də dünyada geniş şəkildə qeyd olunmalıdır. Danılmaz bir həqiqətdir ki, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyatı xəzinəsinə çox nadir incilər bəxş etmişlər. Təqdirəlayiq haldır ki, dahi Nizaminin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində isə Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Bütün bunlar da Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı Ölkə Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin qələbəsi deməkdir.

Bütün bu deyilənləri yekunlaşdıraraq əminliklə söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu çıxışında mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli-vətənpərvər ruhda tərbiyəsi məsələləri cari ildə də dövlətin əsas vəzifələri sırasına daxil edilmiş və bu sahədə əsas prioritet fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilmişdir.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir