Zəfərə xor baxmayaq, xora zəfərlə baxaq – Gücümüz birliyimizdədir!

21 əsrin 21-ci ilinə qədəm qoyuruq. Böyük sevincin və böyük kədərin yaratığı qarışıq hisslərlə. Zəfərimiz bizə sevinc yaşadır, şəhidlərimiz kədər. Kimi yeni il bayramını qeyd eləməyə hazırlaşır, kimi də bayram ovqatında olmadığını düşünür. Məncə, bayramı qeyd eləyəni də, eləməyəni də qınamağa dəyməz… Əsas məsələ şəhidlərimizi- qələbəmizin səbəbkarlarını unutmamaqdır. Deyirəm, gəlin yeni il qabağı hərəmiz bir şəhid ailəsinin qapısını açaq. Onların ruhu qarşısında baş əyək. Şəhid atasına deyək ki, bağışla, onun əvəzinə biz olmadıq. Şəhid anasına deyək ki, sən bizim də anamızsan, şəhid övladına deyək ki, sən bütün xalqımızın övladısan! Qoy onlar tək olduqlarını hiss etməsinlər. Qoy onlar qəhrəman şəhidin əbəs yerə həlak olduğunu heç vaxt düşünməsinlər….Qoy onlar əmin olsunlarki, o şəhidlər bütün xalqa qürür verib, sevinc verib…
Mən bir vətəndaş kimi ən böyük kədərimi Şuşa işğal olunanda yaşadım. Onda tələbə idim, Moskvada təhsil alırdım. Daha doğrusu, təhsilimi bitirirdim. 1992-ci ilin may ayı… O günlər ömrümün ən kədərli günləriydi… Erməni tələbələrin sevinci yerə-göyə sığmırdı. Yeri gəldi-gəlmədi, həmin hissləri qabartmağa çalışırdılar. Həmin vaxt Moskva Dövlət Universitetinin yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burda toplaşan tələbələrə yaxınlaşıb, “axırıncı kimdir”,-deyə soruşdum. Bir tələbə, “axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır”, dedi. Özümü bir balaca itirsəm də sualı yenidən təkrar elədim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedimki, deməli, axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir! Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar… Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi.
…Həmin depressiyalı günlərdə dövlət imtahanlarını da əla qiymətlərlə verib təhsilimi fərqlənmə diplomuyla başa vurdum. Diplom işim komissiya üzvlərinin o qədər xoşuna gəlmişdi ki, mənə təhsilimi aspiranturada davam etdirməyi təklif elədilər. Etiraz elədim, dedim, mən vətəndə olmalıyam. Bir az təəccüblə dedilər ki, bax, Moskva Dövlət Universitetinin aspiranturasında oxumaq hər adama təklif olunmur. Biz sənə göndəriş veririk, payıza qədər vaxtın var, fikrini dəyişsən, gələrsən….Şuşanın işğalı bir gənc kimi mənliyimi elə sındırmışdı ki, nə fərqlənmə diplomunun sevinci, nə də aspiranturada oxumağın perspektivi məni düşündürmürdü. Fikirləşirdim ki, mən bir vətəndaş kimi vətəndə olmalıyam. Gəldim. Allah da, tamaşaçılar da şahiddirlər ki, Qarabağ mövzusu yaradıcılığımda – televiziyada elədiyim bütün proyektlərdə həmişə qırmızı xətt kimi keçib.
Şükürlər olsun bu günə… Mən bir vətəndaş kimi ən böyük kədərimi Şuşa işğal olanda yaşamışdımsa, ən sevincli günümü də Şuşa azad olanda yaşadım. ƏZİZ ŞUŞA, SƏN AZADSAN! Əminəm ki bu tarixi sözlər hər bir vətəndaşın yaddaşına əbədi yazıldı. Müzəffər ordumuzun uğurlu hücumları vaxtı İran sərhədindən rəşadətli əsgərlərimizə baxıb fərəhlənən soydaşlarımızın ilginc duyğularının da şahidi olduq. Hələ qürbətdə yaşayan həmyerlilərimizə ordumuzun zəfər yürüşünün necə qürur verdiyini də təsəvvür edirəm. Bu tarixi sevinci bizə yaşatdığına görə Ali Baş Komandana ürəkdən təşəkkür edirəm. Şəhidlərumizin ruhu qarşısında baş əyirəm.
Azərbaycan ordusunun gücünü təkcə Ermənistan yox, həm də dünyanın bütün erməniləri gördü. Azərbaycan tarixinə əbədi yazılan bu qələbə, həm də müasir hərb tarixinə yenilik gətirdi. İndi dünya vuruşmağı bizdən öyrənir.
Gəlin yeni il qabağı hərəmiz bir şəhid ailəsinin qapısını açaq! Onlardan halallıq alaq. Axı biz onların hesabına yeni ilə əsl insan kimi, əsl vətəndaş kimi qədəm qoyuruq. Uzun illər biz torpağı yağmalanmış , mənliyi tapdalanmış insan kimi yaşıyırdıq. Özümüzü o yerə qoymasaq da, daxilən sınmışdıq, parçalanmışdıq…
Gəlin yeni il qabağı hərəmiz bir şəhid ailəsinin qapısını açaq!
Zəfərimizə xor baxmıyaq, xora zəfərlə baxaq – güc birliyimizdədir !

Mübariz Əsgərov Əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir