Azərbaycanda psixoaktiv maddələrdən asılı olanların sayı açıqlandı

“Respublika Narkoloji Mərkəzində “Metadonla Əvəzedici Müalicə” adlı proqram çərçivəsində 568 nəfər xəstə müalicə alır”.
Bunu Mərkəzin şöbə müdiri Zamin Əliyev AzTV-də “Hədəf” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, ötən ilin statistikasına əsasən ölkədə 32 921 nəfər psixoaktiv maddələrdən (PAM) asılıdır: “Onlardan 641 nəfəri qadındır. Yaş qruplarına əsasən 30-40 yaşlılar daha çox PAM-dan asılı olanlardır. Gənclər arasında da 15-17 yaş arasında qeydiyyatda olanların sayı çoxdur və bu da narahatedici amildir. Psixoaktiv maddələrdən asılı olanların şəxsi təbliğatı, ətrafdakıların bu barədə məlumatsızlığı onların potensial PAM qəbuledicisinə çevrilməsinə səbəb ola bilər”.
Z.Əliyev vurğulayıb ki, xəstələrin fiziki və psixi asılılıqdan azad olmaları üçün həkim-məsləhət komissiyası tərəfindən diaqnozun qoyulmasından dərhal sonra onlara lazımi tibbi yardım göstərilir: “Birinci mərhələdə xəstələr medikamentoz və dezintoksikasiyaedici müalicə almaqla fiziki asılılıqdan azad olurlar. Bu proses 15-20 gün ərzində həyata keçirilir. Bundan sonra növbəti, ikinci mərhələ gəlir – psixi asılılıqdan azad olunma mərhələsi. Həkim-narkoloqlar, mərkəzin psixoloqları və təbii ki, xəstənin ailə üzvlərinin fəal iştirakı ilə yekun reabilitasiya işləri aparılır”.
Şöbə müdiri həmçinin deyib ki, PAM qəbuledicilərinin immun sistemi zəif və bədən müqavimətləri çox aşağı olduğundan koronavirusa yoluxma təhlükəsi dəfələrlə artır, olduqca təhlükəli fəsadlar verə bilər: “Məhz buna görə mərkəzimizin qəbul şöbəsində, ilkin olaraq, xəstələrin bədən hərarətləri ölçülür, anamnestik məlumatlar toplanılır və rentgen müayinəsi edildikdən sonra Narkoloji Mərkəzə yerləşdirilir. Azərbaycan ərazisində hazırda tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına əsasən xəstə ziyarətlərinə yol verilmir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir