“O, mənim üçün 19 yaşında qaldı…” -Şəhid əsgərimizin anası…

Cəmiyyət Gündəm

“Bəzən deyirlər ki, yaşasaydı, 24 yaşı olardı, amma mənim üçün oğlum həmişə yaşayır”
Bunu  açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Şulan Bayramovun anası deyib. 
Şəhid anası bu gün oğlunun doğum günündə ona tort yox, halva bişirdiyini bildirib:
“Vaxt var idi Şulanın doğum günündə tort bişirirdik, indi isə halva bişiririk. Bu gün Şulanın 24 yaşı tamam olur. Bəzən deyirlər ki, yaşasaydı, 24 yaşı olardı, amma mənim üçün oğlum həmişə yaşayır. Hər bir valideynin arzusudur ki, övladı sağ-salamat əsgərlikdən gəlsin və mən də buna bir ana kimi sevinərdim. Amma qismət olmadı. Şulan mənim üçün 19 yaşında qaldı, illər keçsə də, özü yoxdur”.Şəhid anası bu dərdə birtəhər dözdüyünü bildirib:
“Allah insanı yaradıbsa, zülüm də olsa dözməliyik. Allah səbir verir. Atası da birtəhər yaşayır, səhhətində problemlər var. Bircə şəhid olmağıyla təsəlli taparıq. O biri oğlum Turan da Sərhəd Qoşunlarında gizir işləyir. Ailə də qurdu, evə tez-tez gəlib-gedir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Şulan Bayram oğlu Bayramov 1996-cı il iyulun 28-də Sumqayıt şəhərində anadan olub. Hərbi xidmətini başa vursa da, aprel döyüşləri başladığı üçün müharibəyə qatılıb və aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” ikinci dərəcəli medalı ilə təltif edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir