Bu SMS-lərə aldanmayın – DİN-dən XƏBƏRDARLIQ/FOTO

Cəmiyyət Gündəm Hadisə

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.

SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün “blok olunduğu” bildirilir.

Həmçinin “blokdan çıxmaq” üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.

“Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-a açıqlamasında bildirib ki, bu cür dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:

“Həmin vaxt DİN tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Əgər hazırda da belə hal varsa, rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edilsin və məsələ araşdırılacaq”.

E.Zahidov vətəndaşları diqqətli olmağa çağırıb.

Məsələ ilə bağlı “E-pul” layihəsinin Müştəri Xidmətindən bildirilib ki, bu, sadəcə müxtəlif brauzerlərdən yayılan virusdur və onun ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur, qeyd olunan nömrəli pul kisəsi isə mövcud deyil və ona hansısa məbləğdə ödəniş həyata keçirmək mümkün deyil.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir