Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib?

Cəmiyyət

Bakı. Trend:

2025-ci ilin ilk 6 ayı ərzində aparılan monitorinqlər
nəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb və
müvafiq olaraq qanunauyğun tədbirlər həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Audioviziual Şuradan
məlumat verilib.

Bildirilib ki, pozuntu hallarından ikisi “Media haqqında”
Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair
tələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi “Reklam
haqqında” Qanunun 4.3-cü maddəsinin (reklam olunan tibb
müəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə)
tələblərinin pozulması ilə bağlı olub.

Bu pozuntulara görə yayımçılara ümumilikdə 3
yayımın dayandırılması (üç saat – 2 dəfə, iyirmi
dörd saat – 1 dəfə) sanksiyası, 2
xəbərdarlıq tətbiq edilib.

Bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı
protokol tərtib edilməyib.

2024-cü il ərzində görülən
tədbirlər

4 dəfə yayımın dayandırılması haqqında qərar
qəbul olunub və 3 inzibati protokol tərtib
olunub.

İl ərzində ayrı-seçkiliyin təbliğinə yol verdiyinə görə “MTV”
kanalının yayımı 8 saatlıq, müstəsna yayım hüququnun pozulmasına
görə “ATV”, “ARB”, “ARB Günəş” kanallarının yayımı 3 saatlıq
dayandırılıb.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı “Səhiyyə TV”
MMC (“Səhiyyə TV” kanalı) barəsində “Reklam haqqında” Qanunun
tələblərinin pozulması ilə bağlı müxtəlif vaxtlarda
2 inzibati xətaya dair protokol tərtib olunub və
müvafiq məhkəmələr tərəfindən hər biri 8 min manat
məbləğində olmaqla cərimə sanksiyası tətbiq edilib.

“İctimai Televiziya və Radio Yayımları Şirkəti” (“İTV” kanalı)
barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında”
Qanunun tələblərinin pozulması ilə bağlı inzibati xətaya dair
protokol tərtib olunub və məhkəmə qərarına əsasən, kanal 3
min
manat məbləğində cərimələnib.

2023-cü il ərzində görülən
tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar
qəbul olunub və 1 inzibati protokol tərtib
olunub.




İl ərzində qeyri-dəqiq reklam yayımlanmasına görə “ARB”
kanalının yayımı 3 saatlıq, əxlaqdan kənar leksik (söyüş) məzmunlu
informasiya yayımlanmasına görə “Space TV” kanalının yayımı 3
saatlıq, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə
“Kanal S” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (“AZTV” kanalı)
barəsində “Media haqqında” Qanunun tələblərinin pozulması faktı ilə
bağlı protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən,
kanal 5 min manat məbləğində cərimələnib.

2022-ci il ərzində görülən
tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar
qəbul olunub.

Belə ki, uşaq proqramının energetik içki reklamı ilə kəsilməsinə
görə “Space TV” kanalının yayımı 3 saatlıq, zorakılığı və
qəddarlığı təbliğ edən informasiyaya yol verilməsinə görə “Space
TV” və “ARB” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

2021-ci il ərzində görülən
tədbirlər

“Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (“ATV” kanalı)
barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında”
Qanunun tələblərinin pozulması faktı ilə bağlı inzibati xətaya dair
protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən,
kanala 3 min manat məbləğində cərimələnib.

2020-ci il ərzində görülən
tədbirlər

10 dəfə yayımın dayandırılması haqqında qərar
qəbul olunub və 1 inzibati protokol tərtib
olunub.

İl ərzində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya
yayımlanmasına görə “ARB” kanalının yayımı 6 saatlıq, tütün
məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə
“Space TV”, “Xəzər TV”, “ARB” kanallarının yayımı 1 saatlıq, bir
saatda yayımlanan reklam həcminin aşılmasına görə “Space TV”
(2 dəfə), “Xəzər TV”, “ARB”, “Lider TV”, “ATV”
kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə
yayımlanmasına görə “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC (“AZTV” kanalı) barəsində İnzibati Xətalar Məcəlləsinin
428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı protokol
tərtib olunub və müvafiq rayon məhkəməsi tərəfindən kanal 5
min
manat cərimələnib.

Qeyd edilib ki, 2024-cü ilin sonlarından başlayan və hazırda da
davam edən audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində
Audiovizual Şuranın tərtib etdiyi protokollar əsasında cari ilin
ilk altı ayı ərzində platfotma operatoru lizensiyası olan 13
subyekt müvafiq məhkəmələrin qərarına əsasən hər biri 5
min
manat məbləğində cərimələnib.