Həkimlərdən tibbi sığortaya etinasızlıq – ARAŞDIRMA

Cəmiyyət

Asəf qulağında problem yarandığı üçün həkimə müraciət edib. Dövlət xəstəxanalarında “dərdi” tapılmadığı üçün özələ üz tutub. Aparılan testlər, müayinələrdən sonra əməliyyat olunmasının vacibliyi vurğulanıb. Əməliyyatın İcbari Tibbi Sığorta xətti ilə etməyin mümkünlüyünü soruşduqda isə, həkim ümumiyyətlə, sığorta ilə edilən əməliyyatlardan imtina etdiyini bildirib. Səbəb kimi ödənilən məbləğin az olması və bu az məbləğin də 3 aya köçürülməsini göstərib. 

Bu şikayətlə bağlı “Kaspi” qəzeti araşdırma aparıb.

Məlum oldu ki, özəl klinikalarda sığorta ilə əməliyyatdan imtina edən həkimlər az deyil. Çünki sözügedən klinikalarda edilən əməliyyatlara görə ödənilən məbləğ nağd ödəmə ilə edilən əməliyyatlarla müqayisədə azdır və həkim də haqlı olaraq xərclərini çıxarmadığı üçün bundan imtina edir. Amma bu, hər əməliyyata aid deyil. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında yayımlanan qiymətlərdən aydın olur ki, onların arasında kəskin fərqlər var. Əməliyyata ödənilən məbləğ pasiyentin sığortadan öncə ödədiyi məbləğə yaxın olduqda, həkim problem etmir. Az olduqda isə həkimlə pasiyent arasındakı bağ qırılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Kaspi”yə verilən məlumata görə, tibbi xidmətin dəyəri Agentliklə müqavilə bağlamış tibb müəssisəsinə müvafiq tariflərə uyğun olaraq ödənilir: “Hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və onların tarifləri Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilib.  Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilir”. 

Sosial sahə üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, özəl klinikalarda həkimlərin təminatı tam ödənilmir: “Hər bir həkimin imzaladığı mənəvi saziş var. Bu, Hippokrat andıdır. Həkimlər kritik situasiyada, istənilən şərtlər daxilində xəstəyə tibbi yardımını və müdaxiləsini etməlidir. Amma bu, o demək deyil ki, biz həkimlərin bütün hüquqlarını kənara ataq və onların and içməsindən yapışaq ki, öhdəlik götürmüsünüz və bunu etməlisiniz. Müəyyən olunmuş əməliyyatların ciddi məsuliyyət yükü olmasına baxmayaraq, həkimlərin təminatı tam ödənilmir. Tibbi sığortadan ayrılan vəsaitlər bəzi əməliyyatın qarşısında kiçik həcmlidir. Üstəlik, pul həkimə 2-3 ay sonra ödənir. Həkimin hüququdur ki, müəyyən məsələləri obyektiv şəkildə göstərərək, əməliyyatdan imtina etsin. İstənilən halda, cəmiyyətdə müəyyən kateqoriyası olan, ciddi nüfuza sahib olan həkimlərin maliyyə təminatlarını qurmaq lazımdır ki, onlarla pasiyent arasında bu tipli münaqişələr yaranmasın. Məşhur həkimlərin həmişə çoxlu xəstəsi olur. Buna görə də onlar maddi təminatlarını tam ödəyən xəstələri qəbul edirlər”.

Vəziyyətdən çıxış yoluna gəldikdə isə, mütəxəssis düşünür ki, xəstəliyin paketi standart olmalıdır: “İstər cərrahi, istər kardioloji, istərsə də digər tibbi xidmətlərin hər bir paketi real tibb bazarına uyğunlaşdırılmalıdır. Dövlət və özəl klinika fərqi olmamalıdır. Paket o qədər standart olmalıdır ki, həkimin imtina etməsinə səbəb olmasın. Xəstə bir əməliyyata adi qaydada nə qədər ödəyirdisə, sığorta da onu qarşılamalıdır. Məsələn, sığortadan öncə, korbağırsaq əməliyyatında pasiyent cərraha 200 (rəqəmlər şərtidir) manat ödəyirdisə, həmin cərrahın bu əməliyyatı bu gün sığorta ilə 50 manata etməsi düzgün deyil. İcbari tibbi sığorta elə bir təminat yaratmalıdır ki, heç olmasa 150 manatı çatsın. Bütün risklər, əməliyyatdan sonra yaranan fəsadlar cərrah və anestezioloqun boynuna qalırsa, onlar da bu məbləğdən imtina edir”.

Ekspert vurğulayır ki, dövlət yaxud özəl sektorda çalışan həkimlərin hər ayın sonunda göstərdiyi xidmətin pulu ödənməlidir: “Həkimlərin bir qismi ödənişin 2-3 aya ödəndiyini deyirlər. Həkimin xidmət haqqı hər ayın sonunda təqdim olunmalıdır. Büdcə normal xərclənməlidir. Həkim ilə xəstəni qarşı-qarşıya qoymaq olmaz”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir