Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.
Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
www.102info.az