Səfir: “Gəncədə dəhşətli cinayətləri törədənlər hələ də məsuliyyətə cəlb edilməyib”

Cəmiyyət

“Gəncədə dəhşətli cinayətləri törədənlər hələ də məsuliyyətə cəlb edilməyib və bu, beynəlxalq ictimaiyyətin yürütdüyü ikili standartlar siyasətinin nəticəsidir”.

Bunu “Report”a hüquq elmləri doktoru, professor, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev Gəncəyə raket hücumlarının 2-ci ildönümü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hələ Sovet İttifaqı dövründə ədalətsiz siyasətlə üzləşirdi: “Həmin vaxt ölkə iqtisadiyyatının gəlirləri ittifaq büdcəsinə, daha sonra isə digər respublikaların büdcələrinə subsidiya şəklində köçürülürdü. İkili standartlar 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da özünü göstərdi. Bu ikili standartlar dövlət başçılarının, siyasətçilərin, ekspertlərin əməllərində, bəyanatlarında özünü göstərir”.

O bildirib ki, belə siyasət yürüdənlər beynəlxalq hüquq normalarından yayınmağa çalışırlar.
N.Əliyevin fikrincə, müttəfiq silahlı qüvvələrin 366-cı alayının iştirakı ilə törədilmiş, günahkarları hələ də cəzalandırılmamış Xocalı soyqırımını bu cür açıq-aşkar ədalətsizliyə misal göstərmək olar:

“Bunun fonunda Gəncənin və Azərbaycanın digər şəhərlərinin atəşə tutulması və nəticədə dinc əhalinin, o cümlədən uşaqların, qadınların, qocaların həlak olması təbii suallar doğurur: Bu faktlar eyni zəncirin halqaları deyilmi? Bu cinayətləri törədənləri cəzalandırmaq mümkün olacaqmı?”

Səfir vurğulayıb ki, hərbi əməliyyatların dayandırılması haqqında Azərbaycan və Rusiya Prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən Üçtərəfli Bəyanat imzalanmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də erməni silahlı birləşmələri qalmaqdadır.

Professor xatırladıb ki, indiyədək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi barədə heç bir məlumat yoxdur:

“Ümid edirik ki, Ermənistan humanitar məsələlərdə Azərbaycan ilə əməkdaşlıq edəcək və vətəndaşlarımızın dəfn olunduğu kütləvi məzarlıqların yeri barədə məlumat təqdim edəcək. İnsan hüquqları və ədalət müdafiəçiləri bu barədə danışmalıdırlar”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir