İşğaldan azad olunmuş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində insan sümükləri aşkar edilib.
“Qafqazinfo”nun məlumatına görə, sümükləri ərazidə təmir-tikinti işləri ilə məşğul olan işçilər tapıblar.
Belə ki, əməkdaşlardan biri insan skeletinin hissələrinə bənzər sümüklərə rast gəlib. Bundan sonra o, Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə zəng edib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun inspektoru Aslan Qiyaslı bildirib ki, məlumat daxil olduqdan sonra dərhal Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib:
“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub”.
Qeyd edək ki, bir neçə gün əvvəl Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkar edilib.
www.102info.az