Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının birgə əməkdaşlığı ilə 19 oktyabr 2022-ci ildə Bakı şəhərində səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə 1-ci beynəlxalq konfrans keçirilib.
Nazirlikdən bildirilib ki, konfransın təşkilində əsas məqsəd region ölkələrin səhiyyə sistemini qabaqcıl, dünya təcrübəsinə əsaslanan texnologiyalarla tanış etmək və onun inkişaf etdirilməsinə töhfələr vermək, yeni standartlara uyğunlaşaraq əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq, müasir səhiyyə texnologiyasına inteqrasiyanı təmin etmək, bu yolda görüləcək işləri, qarşıda duran məqsəd və vəzifələr ətrafında fikir mübadiləsi aparmaq idi.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov açılış nitqi ilə çıxış edərək, müasir dövrdə tibb elminin və tibbi texnologiyaların çox sürətlə inkişaf etdiyini bildirib:
“Amma belə bir sual yaranır ki, yeni texnologiyalar nə dərəcədə səmərəlidir, yeni müalicə üsulları həqiqətənmi əvvəlki texnologiyalardan sübuta əsaslanmış şəkildə üstündür? Bu suallara cavab və proqnoz verə biləcək mexanizm səhiyyə texnologiyalarının qiymətləndirilməsidir”.
N.Zeynalov ölkəmizdə bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıb, təlimlərin keçirildiyini və bu konfransın davamı olaraq siyasət üzrə dialoqun aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının prezidenti Vija Oortveyn səhiyyə texnologiyalarının inkişafının bütün region ölkələr üçün əhəmiyyətindən və cəmiyyətin sağlamlığının qorunması istiqamətində faydasından söz açıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının vitse-prezidenti Rabia Kahveçi, Qazaxıstanın Salidat Kairbekova adına Səhiyyənin İnkişafı Milli Tədqiqat Mərkəzinin sədr müavini Alima Almadiyeva və “LewinGroup”un Baş vitse-prezidenti Klif Qudmanın moderatorluğu ilə səhiyyə texnologiyalarının işləməyə başlaması üçün zəruri olan şərtlər və əsas vasitələr kimi aktual mövzularda geniş məruzələr dinlənilib. ABŞ, Türkiyə, Polşa, Ukrayna, Niderland, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçən müzakirələrdə səhiyyə texnologiyalarının səhiyyə xidmətləri ilə əlaqəsi, hər kəs üçün əlçatan, bərabər olan səhiyyə perspektivləri və bölgədə səhiyyə texnologiyalarının inkişafı ilə bağlı əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
www.102info.az