Hər gün televiziya və sosial şəbəkələrdə doğuş zamanı ölüm halları haqqında məlumat alırıq. Bəzən yaxınları həkimi günahlandırsalar da, ölümün başqa səbəbləri ortaya çıxır. Ümumiyyətlə, statistikaya nəzər yetirsək, görərik ki, azyaşlılar arasında bu hallar getdikcə artan xətt üzrə inkişaf etməkdədir.
Belə ki, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə 20 ana ölümü qeydə alınıb. 2021-ci ildən bəri isə 15,8%-dən 17,8%-ə qədər artıb.
Erkən yaşda doğuşun ananın həyatı üçün nə qədər riskli olduğu hər kəsə məlumdur.
Bəs görəsən, ana daha çox hansı səbəbdən dünyasını dəyişir? Ananın orqanlarına nə kimi yan təsirləri var?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ginekoloq Rəşad Sultanın sözlərinə görə, ana ölümlərinin üç əsas səbəbi var:
“Dünyasını dəyişənlərin əksəriyyətinin ürək və ağciyər çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Amma tam bilmək bəzən çox çətin olur. Bununla belə, bildirim ki, ana ölümləri üç əsas səbəbdən baş verir: qanaxma, infeksiya və emboliya. Onların da özünəməxsus səbəbləri var. Belə ki, yumşaq toxumaların doğuş zamanı yırtılmasına daha çox rast gəlinir”.
R.Sultan qeyd edib ki, iyirmi yaşdan aşağı olan şəxslərin hamilə qalması çox risklidir:
“Erkən yaşda hamiləlik çox yayılıb. Vaxtından əvvəl doğuş zamanı ölüm hallarına daha çox rast gəlmək mümkündür. Çünki ana özü uşaqdır. Orqanizm inkişaf etməyib. Hələ orqan və sistemlər tam yerinə oturmayıb, uşaqlığı yetərincə inkişaf etməyib. Uşaq orqanizmi ilə başqa bir uşağı 9 ay necə daşıya bilər? Ona görə də doğuş zamanı yırtılma, qanaxma olur. Erkən hamiləlik ananın həyatını riskə atır. Müxtəlif xəstəliklər yarada bilir.
Mübarizə aparmaq lazımdır. Erkən hamiləliklərin qarşısı alınmalıdır. Belə fakt varsa, daha təşəkküllü xəstəxanalara göndərmək lazımdır. Çünki heç kəsə məlum olmayan bir çox fəsadlara gətirib çıxara bilər”.
Nəzrin Vahid
www.102info.az