DSX zabiti: “Bartaz yüksəkliyini azad edərkən düşmənə qarşı hiylə taktikası işlətdik” – FOTO

Cəmiyyət

“İkinci Qarabağ müharibəsi dövründə Zəngilan rayonunun Bartaz yüksəkliyini azad edərkən düşmənə qarşı hiylə taktikası işlətdik”.

Bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı Mahmud Şükürov deyib.

O bildirib ki, Vətən müharibəsi zamanı Zəngilan şəhəri işğaldan azad edildikdən sonra DSX-nin bölmələrinin növbəti tapşırığı rayonun ətraf əraziləri, o cümlədən əsas strateji əhəmiyyətə malik olan yüksəkliklərin azad edilməsi olub:

“Sevinirəm ki, ərazidə əsas strateji yüksəkliyə və əhəmiyyətə malik olan Bartaz və Şükürataz yüksəkliklərinin azad olunması tapşırığı rəhbərlik etdiyim qrupa verilmişdi. Döyüş tapşırığını aldıqdan sonra biz “Bartaz dayanacağı” adlanan əraziyə qədər texnikalarla hərəkətə keçdik. Artıq düşmən tərəfindən müşahidə olunurduq. Buna görə də piyada şəkildə qrupun irəliləmə taktikasına uyğun olaraq hərəkətə başladıq. Yolboyu düşmənin bir çox maneələri ilə rastlaşdıq. Ermənilər yolları tamamilə minalamışdı. Lakin bu, bizim döyüş əzmimizi qıra bilməzdi. Manevr üsulları taparaq mümkün qədər silsilələrə yaxınlaşdıq. Yüksəkliyə yaxınlaşanda orada düşmənin çoxlu sayda canlı qüvvəsinin, o cümlədən iriçaplı silahlarla təchiz edilmiş heyətinin mövqeləndiyini gördük”.

Polkovnik-leytenant söyləyib ki, bu zaman bir daha qrupun döyüş taktikasına, müvafiq olaraq düşmənin sayını və hansı silahlardan istifadə etdiyini müəyyənləşdirmək üçün kontrol atəşi açıblar. Daha sonra əməliyyatı bir daha planlaşdıraraq dəqiqləşdirib və hücum əməliyyatına başlayıblar.

“Ərazinin maskalanma xüsusiyyətlərindən istifadə edərək bu qayalıq yerlərdən zirvəyə doğru qalxdıq. Belə bir hiylə taktika işlətdik ki, ermənilərin əsas qüvvələrini zirvənin sağ cinahına çəkək. Sonra onların arxa hissəsindən – qayalıqdan hücum qrupumuz maksimal dərəcədə düşmənə yaxınlaşsın. Əməliyyat planımız baş tutdu. Biz qrupumuzu ərazidə yerləşdirməklə ermənilərə aldadıcı atışlar etdik və onların fikrini həmin istiqamətə cəmlədik. Daha sonra biz mümkün qədər düşmənə yaxınlaşdıq. Onların gözləmədiyi bir yerdən sürətli və dəqiq atışlarla Bartaz yüksəkliklərində cəmlənmiş erməniləri məhv etdik və bizə verilmiş tapşırıq uğurla yerinə yetirildi”, – M.Şükürov vurğulayıb.

DSX zabiti deyib ki, tapşırıq icra edildikdən dərhal sonra ərazi xüsusiyyətlərindən istifadə edilərək orada mühafizə və müdafiə təşkil olunub:

“Bu barədə rabitə vasitəsi ilə qərargaha məruzə etdim. Rəhbərlik tərəfindən heyətimə təşəkkür edildi və mənə isə “mayor” hərbi rütbəsi verildi”.

Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, M.Şükürov “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir