Binəqədi sakinlərinin problemi 14 gündür həllini tapmır: İcra hakimiyyəti isə məsələyə biganədir – FOTO/VİDEO

Cəmiyyət

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin bir qrup sakininin problemi günlərdir həll edilmir.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Bildirilib ki, ərazidə hökm sürən acınacaqlı, antisanitar vəziyyət onların həyatını təhlükəyə atır. 
Belə ki, pandemiyanın hökm sürdüyü bir dövrdə 14 gündən artıqdır Sulutəpənin mərkəzi yollarından birinin üzərində partlamış kanalizasiya borusundan tökülən çirkab su vətəndaşların evinin zirzəmisinə dolur.

Artıq 2 həftədir həllini tapmayan problem isə sakinlər üçün ekoloji fəlakətə çevrilib. Həmin ərazidə zibillərin vaxtı-vaxtında təmizlənməməsi azmış kimi, üstəlik kanalizasiya borusunun təmir edilməməsi də gündən günə ərazidəki vəziyyəti daha da gərginləşdirir və bununla da sakinlərin səhhətini təhlükəyə atır.

Qeyd: Həmin ərazidə yaşayan sakinlərin azyaşlı övladlarının olması təhlükənin miqyasını dəfələrlə artırır.

Bələdiyyə işçilərinin əraziyə baş çəkərək məsələnin həlli ilə bağlı sakinlərə verdiyi vəd isə “havada” qalıb.

Belə ki, onlar məsələnin həll yolunu arx qazmaqda görüblər və bir neçə bel ilə arx qazaraq sakinləri bəladan “xilas” etdiklərini düşünüblər.

Maraqlıdır ki, sakinlərin özü kiçik, nəticəsi böyük olan problemi 14 günə həll edilmirsə, vətəndaşlar kimə və ya haraya müraciət etməlidirlər?

“Azərsu” ASC-dən bildirilir ki, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi çəkilməyib. 

Görünən odur ki, sakinlərin dərdini izah etmək üçün döyəcəyi tək qapı Binəqədi Rayon İcra Hakimiyyəti qalır. Bəs İcra hakimiyyəti günlərdir davam edən bu problemə niyə biganə yanaşır?

Qeyd edək ki, yazı ictimailəşdirilmədən əvvəl iki dəfə qurumun Mətbuat Xidmətinə müraciət edilib.

Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirib və bir neçə vəzifəli şəxsə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması üçün tapşırıq verilib. 

Aqil Vəlili

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir