Abşeron rayonunda kişinin hamilə arvadını qətlə yetirməsində əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, oktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətdə olan Səidə Nəmətovaya dəmir boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
www.102info.az