Ölkəmizdə tullantıların utilizasiyası normalara uyğun aparılırmı? – ARAŞDIRMA + FOTO

Cəmiyyət

İstifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların mütəmadi olaraq məhv edilməsi normativlərə uyğun aparılmalıdır. Proses səliqəsiz və pərakəndə aparılanda ekologiyaya ciddi zərər dəyə bilər. 

Azərbaycanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan mallar mütəmadi olaraq məhv edilir. Əsasən, Dövlət Gömrük Komitəsi (DGK) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq qurumları tərəfindən həyata keçirilən bu proses zamanı məhv ediləcək mallar bəlli əraziyə gətirilir, əvvəlcədən qazılmış hansısa çuxura doldurularaq yandırılır, ardınca da üzəri torpaqla örtülür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Məhvetmə prosesi niyə bu cür həyata keçirilir?

İnternet üzərindən qısa araşdırma aparsaq, qeyd olunan faktla bağlı onlarla, yüzlərlə informasiya xarakterli məlumata, video və fotoreportaja rast gəlmək mümkündür. Görüntülərdən aydın müşahidə edilir ki, məhv edilməsi üçün üzərinə yanacaq tökülərək yandırılan məhsulların, şüşə və plastik qablardakı mal-materialların tüstüsü ərşə qalxır, ətrafı qara toz-duman, həmçinin kəskin qoxu bürüyür. Sonda şüşə qabların yanmamasına baxmayaraq, onlar da digər malların kül qalıqları ilə birlikdə basdırılır, torpaq qatı bu yolla çirkləndirilir. Nəticə etibarilə ekologiyaya ciddi ziyan vurulur. Maraqlıdır, nə üçün məhvetmə prosesi məhz bu cür həyata keçirilir? Bunu tənzimləyən hansısa rəsmi sənəd, normativ aktlar varmı? Bu suallara cavab tapmaq üçün DGK, AQTA və ETSN-ə eyni məzmunda sorğu göndərdik. Eyni zamanda, tullantıların yerləşdirilməsini və zərərsizləşdirilməsini müasir standartlara uyğun təşkil etməklə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əlaqə saxladıq.

Qanunlar, qaydalar, qərarlar…

Təəssüf ki, DGK-dan hər hansı məlumat əldə edə bilmədik. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən isə bildirildi ki, proses Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Belə ki, istifadəyə yararsız yeyinti məhsullarının məhv edilməsi yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə reallaşdırılır. Malların zərərsizləşdirilməsi və məhv edilməsi “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir, sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

Məhv edilən mallar aktla rəsmiləşdirilir

Agentliyin açıqlamasına görə, istifadəyə yararsız qida məhsullarının məhv edilməsinə dair qəbul edilmiş müvafiq qərara əsasən, həmin məhsullar ETSN-in “Təhlükəli Tullantılar” MMC-yə məxsus xüsusi poliqonlarında AQTA əməkdaşlarının iştirakı ilə müvafiq qaydada məhv edilir və aktla rəsmiləşdirilir. ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Adil Zeynalov da qəzetimizə açıqlamasında bu faktı təsdiqlədi. Söylədi ki, proses hər həftə yuxarıda qeyd olunan şəkildə icra olunur.

Prosesin icra mexanizmi

“Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov isə “Kaspi”yə bildirdi ki, “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilən bərk məişət tullantılarını, habelə istifadə müddəti bitmiş, istifadəyə yararsız vəziyyətə düşmüş qida və qeyri-qida tullantıları çeşidlərinə görə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda (BMTYZ) termik üsulla, həmçinin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda (BŞTZP) basdırılaraq və ya Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda (BBMTÇZ) çeşidlənərək zərərsizləşdirilir. Prosesin icra mexanizminə gəlincə, qurum təmsilçisi söylədi ki, müraciət edənlər vaxtı bitmiş məhsulların zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” ASC-yə rəsmi məktub ünvanlayır. Onun sözlərinə görə, müqavilə əsasında bəzi hallarda AQTA-nın, habelə DGK-nın nümayəndələrinin iştirakı ilə məhsullar qəbul olunur, zərərsizləşdirilir və proses aktlaşdırılır, hətta prosesin video və foto çəkilişinə də şərait yaradılır.

Xüsusi hücrələr olmalıdır 

Şöbə müdiri dedi ki, məhvetmə müəyyən standartlar çərçivəsində və şəraitdə həyata keçirilməlidir: “Məhv edilən mallar torpağa basdırılacaqsa, bunun üçün xüsusi hücrələr olmalıdır. Əgər mallar yandırılacaqsa, atmosferə buraxılan tüstü mütləq nəzərə alınmalıdır. Çünki o tüstünün tərkibindəki müəyyən hissəciklər atmosferə, aldığımız nəfəsə, udduğumuz havaya, nəticə etibarilə səhhətimizə daha böyük ziyan vura bilər. Ona görə də məhvetmə prosesinin bəlli standartlar çərçivəsində, peşəkar qurum tərəfindən həyata keçirilməsi daha düzgün olar. Tullantıların idarə olunması sahəsində bəzi şirkətlər var ki, onlar da zərərsizləşdirmə prosesini həyata keçirirlər”.

122 milyon manat dəyərində məhsul istehsalı

O.Cabbarov söylədi ki, istənilən sahibkar məhvetmə prosesini seçdiyi şirkətlə həyata keçirməkdə sərbəstdir: “Bu, onun öz seçimidir. Kimisə məcbur etmək olmaz ki, məhz “Təmiz Şəhər” ASC ilə bu işi görsün. Amma bizə müraciət olunduğu təqdirdə bu işi müasir tələblər səviyyəsində həyata keçiririk. Misal üçün, şüşə qablarda istifadə müddəti keçmiş spirtli və spirtsiz içkilər, ərzaqlar boşaldılır, şüşələr təkrar emala yönəldilir. Ümumiyyətlə, karton, plastik, kağız, şüşə qablaşdırmaların hamısı təkrar emala göndərilir. Zərərsizləşdirilməsi zəruri olan hissələr isə növündən asılı olaraq, müəyyən standartlar nəzərə alınmaqla ya yandırılır, ya da torpaqda basdırılır. Balaxanı Sənaye Parkında təkrar emal işini həyata keçirən 25 rezident qeydiyyatdan keçib və hazırda burada tullantılar təkrar emala cəlb edilir. Balaxanı Sənaye Parkında 2017-ci ildən bu günə qədər 122 milyon manat dəyərində məhsul istehsal edilib. 48 milyon manat investisiya qoyulan bu sənaye parkı artıq istehsal olunan məhsulun 13 faizini müxtəlif ölkələrə ixrac edir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir