20 il əvvəl Bakıda yuyucu toz məmulatlarının satışı ilə məşğul olan Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham olunan Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
APA xəbər verir ki, ittiham olunan sabiq müstəntiq Samir Kərimov cinayət hadisəsi törətdikdən sonra ölkədən çıxdığı üçün 20 il ərzində iş üzrə istintaq dayandırılıb.
İttihama görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal Rayon Polis İdarəsinin 28-ci Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.
Bundan sonra müstəntiq məsələnin bağlanması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.
Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib. Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb.
Hər iki ittiham olunan şəxsə Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.
20 il sonra 62 yaşında Bakıya qayıdan Samir Kərimov hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılır.
Məhkəmənin hazırlıq iclasında ittiham olunan Ramin Talıbov hakim İradə Həsənzadəyə etiraz edib, cinayət işinin onun sədrliyi ilə araşdırmasını istəməyib. Onun vəkili Mehman Abbasov da vəsatəti müdafiə edib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Bundan sonra vəkil Mehman Abbasov müdafiə etdiyi Ramin Talıbovun əleyhinə ifadə vermiş bəzi şahidlərin dindirilməsini istəyib.
Bu vəsatəti sabiq müstəntiq Samir Kərimovun vəkili Kamandar Nəsibov da dəstəkləyib. Kamandar Nəsibov deyib ki, sabiq baş prokuror Zakir Qaralovun müvəkkili ilə yaxşı münasibətləri olub. Vəkilin sözlərinə görə, hindistanlıların işlədiyi sözügedən şirkət Azərbaycanın sabiq baş nazirinin birinci müavini olmuş Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub.
Həmin şirkətdə keçirilən yoxlamadan sonra da müvəkkili barəsində cinayət işi başlanıb: “Şikayətçi Hindistan vətəndaşları Aydın Abbasovun himayədarlığı altında olublar. Bu iş üzrə icraat əvvəl dondurulub, biz də hesab edirik ki, həmin şahidlər cinayət işi təzələnəndən sonra dindirilməlidirlər”.
Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.
Samir Kərimov özünü təqsirli bilməyib: “Mən də işə aydınlıq gətirilməsini istəyirəm. Bu işi Aydın Abbasov qurub”.
Məhkəmə baxışı oktyabrın 31-nə təyin edilib.
www.102info.az