Paytaxt Bakının tıxac problemi həll olunmaq bilmir. Tıxacın gün keçdikcə artmasının bir çox səbəbləri var. Bunlardan biri də gün ərzində yük avtomobillərinin marketlərə mal paylamalarıdır. Bu avtomobillər yolun kənarında dayanır, təxminən yarım saat – bir saat ərzində marketə mal boşaldır.
Təsəvvür edin, bu proses hər gün və günün də bütün saatlarında təkrarlanır. Bəs çıxış yolu nədir?
“Xəzər Xəbər” mövzu ilə bağlı süjet hazırlayıb.
Paytaxtın Azərbaycan prospektində yük avtomobili yolun hərəkət hissəsində duraraq marketə məhsul paylayıb. Ancaq bu mənzərə yalnız bu prospektə xas deyil. Paytaxtın əksər küçə və prospektlərində bu halla qarşılaşmaq mümkündür.
Marketlərə mal təhvil-təslim edilməsi prosesi günün müxtəlif saatlarında baş tutur. Bu da onsuz da tıxaclı olan paytaxt küçələrində əlavə sıxlıq yaradır.
Sürücülər mövcud vəziyyətdən narazıdırlar. Ancaq onların fikrincə, bu məsələdə əsas günahkar market sahibləridir.
Baş dövlət yol polis idarəsinin polis mayoru Araz Əsgərli mövzu ilə bağlı bildirib ki, həmin yük avtomobillərinin durması üçün market ərazisində xüsusi yer yoxdursa, avtomobil sahibi müvafiq qurumdan mütləq qaydada icazə almalıdır. Əks halda dayanma-durma nişanının tələblərini pozduğuna görə onlara inzibati qaydada cərimə tətbiq olunur.
Qeyd edək ki, sabahdan qüvvədə olacaq qadağaya əsasən, paytaxt ərazisinə daxil olmuş yük avtomibilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.
www.102info.az