Kubra Məhərrəmova yazır…
Dünənki qurultay barədə hamı dedi, danışdı, yazdı. Düzdür iki-üç günə məsələ bağlanıb gedəcək, amma adamın ürəyində əməlli xal qalır.
Bir anlıq düşünürsən ki, bir cəmiyyətin ki, ziyalısı, yazıçısı, mən nə bilim ağsaqqalı budursa, mən adi, içi özüm qarışıq qara camaatdan nə gözləyim. Əslində mən heç qara camaat da deyiləm, daha aşağı kastayam – jurnalistəm. Mən hər dəfə kiməsə sual verəndə ölməliyəm, sonra da Simurq quşu kimi təzədən öz külümdən doğulmalıyam.
Nə isə, çox mifik söhbətlərə getməyək, gələk real məsələyə. Axı biz jurnalistlərin də öz ağsaqqalı var. Mətbuat Şurasının sədri Rəşad Məcid.
Məncə Rəşad Məcid iki stulda, daha doğrusu kresloda oturduğu üçün nə o tərəflikdir, nə də bu tərəflik. Ya da nə vaxt hara sərf edir, o tərəfə də danışır.
Bəlkə də, çaş-baş qalıb, heç özünün də xəbəri yoxdur.
Qeyd edim ki, Rəşad Məcid 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyul ayından isə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.
Digər tərəfdən də, bu il sentyabrın 24-dən Mətbuat Şurasının sədridir.
Yazıçılar Birliyinin sədr müavini kimi jurnalistlərə açıqlama verib ki, “Namizədlərə ona görə söz vermədik ki, onlar yetişməyiblər, onların heç səviyyəsi də yoxdur ki, orada duralar, nəsə deyələr. Mən tərəfdarı idim ki, onları ümumiyyətlə Yazıçılar Birliyi üzvlüyündən çıxartsınlar. Çünki bir adam Anarın dəyərini bilmirsə, onun Yazıçılar Birliyində olması düzgün deyil”. Gözəl açıqlama, yazıçının fantaziyasına uymayan ifadələrdir.
Mən heç bilmirdim ki, Yazıçılar Birliyi Anar Rzayevin “fan klubudur”. Və hər səhər Anar Rzayev işə gələndə bütün rəyasət heyəti, sədr müavinləri ayaq üstə Anarın şəninə yazılmış himni ifa edir, sonra da alqışlarla 84 yaşlı “ulduzu” kabinetinə yola salırlar. Belə anlaşılır ki, əgər kimsə bu ritualı icra etmirsə onun Yazçılar Birliyində yeri yoxdur və olmayacaq.
Olsun. Əgər o birliyin əsas əlaqələndirici həlqəsi məhz Anardırsa, birliyin üstündə bir “mansard” da tikmək olar. Anar özü də etiraf edir ki, bu 5 ildə üçcə dənə “obyektim” qalıb, onları tikim, sahmana salım, sonra gedəcəyəm.
İndi gələk Rəşad Məcidin ikinci vəzifəsinə. Mətbuat Şurasının sədri olmasına. Qurultayda, (İlahi biz qurultay deyəndə I Monqol qurultayı, II Monqol qurultayı, İmperiyaları qurulması kimi tarixi hadisələr yadıma düşür), jurnalist həmkar Anar Rzayevdən soruşur ki, 200,000 manat vəsait xərclənib, bu belədir?
O da deyir ki, gedin Çingizdən soruşun.
Çingizdən də soruşanda, ağsaqqal deyir ki, “ölmürsünüz utanmıxdan mənə belə sual verirsiniz?”
Və jurnalistlər özlərinə ata bildikləri, ağsaqqal bildikləri, Mətbuat Şurasının sədri bildikləri, böyüklərinin üstünə gəlirlər ki, bəs biz sual veririk, bizə deyirlər ki, niyə ölmürsən?
Rəşad Məcid də sazı aldı, görək nə dedi?
Mətbuata verdiyi açıqlamalardan bəlli olur ki, Rəşad Məcid heç də yanında olmalı olduğu jurnalistlərin müdafiəsində deyil. O, böyük, ağsaqqal nüfuzu ilə deyir ki, “Sakit, vaxt olan kimi orada xırda mikrofonu yazıçının, alimin ağzına soxan “jurnalistlər”ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”.
Rəşad müəllim, mikrofonu türkün məsəli hara tuturlar ki? Ağıza, elə deyil?
Yoxsa mikrofonun başqa təyinatı da var, biz bilmirik?
Bir də ki, videoda açıq görünür, orada Baku.tv-nin, bir də Report.az-ın mikrofonları görünür. Açığı ölçü baxımından elə də balaca deyil. Standartlara uyğundur. Hətta üstündə yumşaq başlığı da var ki, sizin kimim ağsaqqallar jurnalistləri tənbeh edəndə ağzınızın tüpürcəyi mikrofonu xarab eləməsin. Texnikanın nə günahı var? Mətbuat Şurası jurnalistlərinin marağını qoruya bilməsə də, jurnalistlər onların sadiq dostu olan mikrofonun qeydinə qalıb, onu qorumağı yaxşı bacarırlar.
Bir də jurnalist istəyir ki, onunla normal davransınlar. Daha üstünə qarğış-nalə tökməsinlər. Ona qənim kəsilməsinlər.
Amma belə görünür ki, Rəşad Məcid özü hamıdan çox jurnalistlərin qənimidir. Öz “Facebook” səhifəsində yazdığı paylaşımla isə bütün reytinq tavanlarını vurdu. Açıqlamanı olduğu kimi paylaşıram:
“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.
Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.
Bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa – robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu”.
Birincisi mətbuatımız ağsaqqalı elə sizsiniz. Əvvəlini necə qoymusunuzsa, gənclər də elə davam edir. Əgər nəsə sizi qane etmirsə, saf deyilsə, bir özünüzə baxın, özünüzü dəyişin.
İkincisi müxbir üçün hamı və hər kəs respondentdir. İstər yaşlı olsun, istərsə də cavan. Əgər müxbir axşama material təhvil verməlidirsə, tez sualını verib, cavabını almalıdır. Yox, əgər sizin dediyiniz “yaşlı adamaların” danışmağa halları yoxdursa, gənclərin tempinə, sorğu-sualına özlərini çatdıra bilmirlərsə o zaman getsinlər dincəlsinlər.
Üçüncüsü Rəşad Məcid, “Bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə” dedikdə nəyi nəzərdə tutursunuz?
Sayt da, Tv-də, mikrofonların üstündəki loqolar da bəllidir.
Məşhur mahnıda deyildiyi kimi “iki sevda çəkənlərin cəzası var”. Rəşad müəllim, stulun birindən əlinizi üzməli olacaqsınız, ya da məcbur edəcəklər ki, üzəsiniz.
www.102info.az