Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistin qurultayın təşkil edilməsi üçün xərclənən vəsaitlə bağlı sualına yazıçıya yaraşmayan şəkildə cavab verməsi müzakirələrə səbəb olub. Bununla yanaşı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sual verən jurnalisti “tərbiyəsiz” adlandırıb.
Media eksperti Müşfiq Ələsgərli Çingiz Abdullayevin davranışını jurnalistin fəaliyyətinə mane olmaq adlandırıb, informasiya almaq hüququnu pozduğunu deyib.
Bəs görəsən, bu məsələ qanunda necə tənzimlənir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şamil Paşayev jurnalistin sual vermək hüququnun olduğunu söyləyib:
“Jurnalistin sual vermək hüququ var. Xalq yazıçısı Çingiz Abdullayev jurnalistin informasiya almaq hüququnu pozmayıb. Suala cavab verir. Lakin suala verdiyi cavab bir qədər ictimai şəxsin və Yazıçılar Birliyinin deməli olmadığı sözlərdən ibarətdir.
Konkret olaraq Çingiz Abdullayevin sözlərində jurnalistə qarşı təhqir, böhtan, şərəf və ləyaqəti alçaldan olmasını demək mümkün deyil. Ümumiyyətlə, hansı sözün təhqir, şərəf və ləyaqətin alçaldılması olduğunu demək olmaz. Ekspetiza aparmaq lazımdır. Ekspertin rəyindən sonra müddəa vermək olar”.
Ş.Paşayev qeyd edib ki, Xalq yazıçısı özünə yaraşmayan ifadə işlədib:
“Onlar ictimai şəxsin deməli olmadığı ifadələrdir. Ümumən hansısa cinayət məsuliyyəti daşımır. Mülki iddia qaydasında təzminat verməsi, məsuliyyətə cəlb edilməsi inandırıcı deyil”.
Hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, kimliyindən asılı olmayaraq şəxsin informasiya almaq hüququ pozulubsa, məhkəməyə müraciət etməlidir:
“Həmin şəxs məhkəməyə, eləcə də Ombudsmana müraciət edə bilər. Həmin şəxs ictimai maraq doğuran informasiyaları verməyə borcludur. O şey ki cəmiyyətin ictimai marağındadır, jurnalist onu soruşa bilər.
İctimai təşkilat da bir qaydada öz fəaliyyəti ilə bağlı məlumatı verməyə borcludur. Əgər informasiya tam verilmirsə, natamamdırsa, verilməkdən imtina edirsə, bununla bağlı məhkəməyə müraciət edə bilər”.
Hüquqşünas əlavə edib ki, əgər şəxs təhqir olunubsa, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər:
“Şərəf və ləyaqət məsələləri Mülki Məcəllə ilə nizama salınır. 147-ci maddə ilə bağlı məsələni qaldıra bilər. Hüquqi prosedura bundan ibarətdir. Bəzi hallarda jurnalist, vətəndaşlar haqlı olurlar, bəzən də qurumlar. İnsanlar bir-birini başa düşməyə, anlamağa çalışmalıdırlar”.
Nəzrin Vahid
www.102info.az