“Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunmuş Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində bu gün Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin səhiyyə nazirlərinin iclası baş tutub.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplantıda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb:
“İlk dəfə təşkil olunan Türk Tibb Dünyası Konqresi ölkələr arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini, çoxşaxəli istiqamətdə inkişafını və təşkilatın dayanıqlı platforma kimi nüfuzunun artdığının göstəricisidir”.
Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlarından danışarkən Teymur Musayev vurğulayıb ki, üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi, bazar həcmi, investisiya şərtləri nəzərə alınmalı mühüm amillərdir:
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilər. Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsullarına və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan Təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”, – deyə T. Musayev fikrini tamamlayıb.
Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri xanım Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayev beynəlxalq tədbirin dünya ölkələrindən olan tərəfdaşlar arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına, həmrəyliyinin təşviqi və möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğuladılar. Eyni zamanda Türk Tibb Dünyası Konqresi iştirakçılarının səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacaq.
Görüşdə Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə sahəsində əməkdaşlıq, onların dərman, peyvənd tələbatlarının alternativ qarşılanması mexanizmin hazırlanması, birgə ,istehsal imkanlarının öyrənilməsi, birgə layihələr, təcrübə mübadiləsi və səhiyyə kadrlarının hazırlanması ilə bağlı fəaliyyətlər, TDT-nin üzv dövlətlərində “Birgə Sağlamlıq Həftəsi”nin təşkili, növbəti konqresdə birgə səhiyyə biznes forumu və səhiyyə sərgisinin təşkili kimi məsələlər ətrafında müzakirələr aparıldı.
Eyni zamanda səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyənləşdi. Qərara əsasən, növbəti Türk Tibb Dünyası Konqresi Özbəkistanda keçiriləcək.
Sonda Türk Tibb Dünyası Konqresinin yekun sənədi – Birgə Bəyannamə qəbul edilib və xatirə şəkili çəkilib.
www.102info.az