Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin salamlarını konfrans iştirakçılarına çatdıran müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev konfransda çıxış edərək Azərbaycan Ordusunda aparılan islahatların elmi əsaslara söykəndiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələri modelinə uyğun inkişaf etdirilməsi barədə göstərişinin hərbi və elmi cəhətdən öz bəhrəsini verdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Türkiyə Silahlı Qüvvələri standartlarına uyğun ordu modelinin müasir ordunun əsası olduğu, eyni zamanda bunun Azərbaycan ilə Türkiyə orduları arasında hərbi, hərbi-texniki, elmi və digər məsələlərdə uyarlığı təmin etdiyi bildirilib.
İşğal edilmiş torpaqlarımızın azad edilməsinə nail olunmasında Vətən müharibəsinin mahiyyət etibarı ilə ümumxalq ideyası və amalına çevrildiyini bildirən Baş Qərargah rəisi Qələbəmizin xalqın sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Silahlı Qüvvələrimizin bütün qoşun növü və qisimlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən yeni üsul və ən müasir silahların tətbiqi ilə qazanıldığını xüsusi vurğulayıb.
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin dünyanın bir çox hərbi-elmi mərkəzlərində təhlil edildiyi və orduları tərəfindən öyrənildiyi qeyd olunub.
General-polkovnik K.Vəliyev bildirib:
“2021-ci və 2022-ci illərdə, o cümlədən cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vuraraq düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı.”
Azərbaycan Ordusunun Baş Qərargah rəisi konfrans iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və konfransın işinə uğurlar diləyib.
Elmi-praktik konfransda həmçinin Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, akademik, əməkdar elm xadimi İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, millət vəkili Zahid Oruc və başqaları çıxış ediblər.
Sonra milli təhlükəsizlik, hərbi, texniki və humanitar elmlər, eləcə də hərbi təbabət bölmələri üzrə elmi məruzələr dinlənilib.
Sonda konfrans iştirakçılarına Milli Müdafiə Universiteti və Vətən müharibəsi barədə videoçarxlar nümayiş etdirilib.
Elmi-praktik konfrans noyabrın 3-dək davam edəcək.
www.102info.az