Şəhid xanımı: “Telefonunu, saatını, pulunu qoyub dedi ki, daha bunlar mənə lazım deyil” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət

44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Yaşar Sadıqovdur.

Tərcümeyi-hal:

Yaşar Füzuli oğlu Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. 1993-cü ildən hərbidə olub. 1995-ci ildə Türkiyədə təhsilini davam etdirib, sonra 17 il Naxçıvanda qulluq edib. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib.

2002-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2007-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, 2012-ci ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi, 2017-ci ildə “Azərbaycan Silahlı Qüvvələri Veteranı”, 2018-ci ildə isə “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif olunub. Ölümündən sonra – 24.06.2021-ci ildə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “3-cü dərəcəli Rəşadət ordeni”nə layiq görülüb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərinin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Kəlbəcər rayonu ərazisində – Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il fevralın 27-də II Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Nişanə Sadıqova ilə danışıb.

– Nişanə xanım, Yaşar necə olub ki, hərbiyə meyillənib? 

– Hərbçi olmaq onun arzusu imiş. Atası hərbçi olmağını istəməyib. O vaxt kəndlərindən 20 nəfər müraciət edib, iki nəfər qalıb. Atası gəlib, onun çətinliyini görüb, deyib ki, geri dön. Razı olmayıb. Yaşargil Füzuli rayonundandırlar. Torpağın işğal altında olması onu hərbiyə yönləndirib.

Yaşarın xidmət dövrü, əslində, bitmişdi. O, məzuniyyətə çıxa bilərdi. Lakin deyirdi ki, torpaqlar alınmasa, məzuniyyətə çıxmayacağam. Torpaqları azad görmək ən böyük arzusu idi.

Son görüşünüzü necə xatırlayırsınız? 

– Sentyabrın 26-sı axşam saatlarında evə gəlib bizimlə görüşdü. Toğanada qaldığımız üçün vəziyyətin gərgin olduğundan xəbərimiz var idi. Lakin Yaşardan soruşanda heç nə demirdi. Evə gəlib, hər şeyini evdə qoydu: telefonunu, saatını, pulunu. Dedim, bunları niyə qoyursan? Dedi, daha bunlar mənə lazım deyil. Mən onda şübhələndim. Sentyabrın 27-si səhər saatlarında zəng vurdu, dedi ki, əgər səs eşitsəniz, qorxmayın. Səslər gəlirdi, axşam zəng vurduq, artıq zəng çatmırdı. 

Oktyabrın 1-dən 2-nə keçən gecə zəng vurdu. Dedim ki, özündən muğayat ol. Dedi ki, məndən narahat olmayın, özünüzü qoruyun. Uşaqlardan muğayat olarsan. Sanki bilirdi. Haraya getdiyini demədi.

– Oktyabrın 13-də onun paqonunun şəklini erməni saytlarının paylaşdığını dediniz.

– Oktyabrın 2-si səhər saatlarında döyüşə girib, günorta şəhadətə qovuşub. Oktyabrın 2-də zəng vurduq, zəng çatmadı. Axşama qədər heç bir xəbər gəlmədi. Ayın 3-ü bizə dedilər ki, Yaşar şəhid olub. Əvvəlcə nəşinin gətirildiyini dedilər, daha sonra neytral bölgədə qaldığını bildirdilər. 4 ay 23 gündən sonra nəşi tapıldı.

Oktyabrın 13-də ermənilər onun paqonunun şəklini paylaşmışdılar. Yazmışdılar ki, ancaq komandirlərini götürə bildik. O zaman elə bildim ki, əsir düşüb.

– Övladlarına son görüşündə nələr söyləmişdi?

Elə övladları ilə də son görüşü sentyabrın 26-da oldu. Onlara baxanda gözü doldu. Sanki şəhid olacağını bilirdi. Bir stəkan çay içdi. Qəhərləndiyini görən uşaqlar da ağladılar. Yaşarın gözü dolduğu üçün üzümüzə baxa bilmədi. Qızım indi də peşmandır. Deyir ki, kaş atama sarılardım.

Atalarının yoxluğuna dözə bilmirlər. Elə bir ata, həyat yoldaşı olub ki, onu unutmaq qeyri-mümkündür. Həqiqətən də, seçmə insanlar getdilər. Ailəyə, övlada yaxşı olanlar ailələrindən ayrıldılar. Qızım Əsli 2001-ci ildəndir, oğlum Xanışın 20 yaşı var. Qızım İqtisad Universitetində magistr təhsili alır. Oğlum Slavyan Universitetinin III kurs tələbəsidir. Onun övladları ilə bağlı çoxlu arzuları var idi. Onların təhsilli olması da onun istəyi idi.

– İtkin olduğu zaman yuxularınızda Yaşarı sağ gördüyünüzü dediniz. Yaşarın şəhid olacağı ağlınıza gəlirdimi?

– Əvvəllər yuxularımızda tez-tez görürdük. İndi hərdən gəlir yuxumuza. İtkin olan vaxtlarında daha çox görürdüm. Yaralı olduğunu, sağ qayıtdığını görürdüm. İndi də sağ görürəm. Heç vaxt şəhid olduğunu görməmişəm. Hətta elə olub ki, yuxuda aparıb məzarını göstərmişəm ki, sən şəhid olmusan.

Onun şəhid olacağı ağlıma gəlmirdi. O, çox döyüşlərdə olub. Biz onu məğlubedilməz bilirdik. O, kəşfiyyatda işləyib. İnanmazdıq ki, ona nəsə ola bilər. Sağ gözləyirdik. Qələbə xəbərini necə qarşıladığımı heç xatırlamıram. Şəhid olduğunu bilirdim. Amma itkin idi. Nəşi hələ tapılmamışdı. Ümidimiz var idi ki, bəlkə, sağ qayıdar. Bunun üçün dualar da edirdik. Qismət…

– Sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlərə münasibətiniz necə oldu?

– Sanki iki il öncəyə qayıtdım. Üç gün Şəhidlər xiyabanından ayrılmadım. Özümə gələ bilmirdim. Elə bil ki, Yaşar yenidən şəhid olmuşdu. Şəhid adı gəldikcə həmin günlərə dönürəm. Bu hissləri yaşamışıq deyə istəmərəm ki, kiminsə evində yaşansın.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir