Duru yağın qiyməti artır: “Çıxış yolu Ümumdünya Ticarət Təşkilatına üzv olmağımızdır” – RƏY + FOTO

Cəmiyyət

Marketlərdə bütün ərzaq məhsullarında bahalaşma müşahidə olunsa da, ən çox narahat edən duru yağların qiymətləridir. Yağların qiyməti ötən iki ayla müqayisədə təxminən iki dəfə artıb. Hətta mağazalarda satıcılar da bu faktı təsdiqləyirlər. Onlar həmçinin qiymət artımının alıcılıq qabiliyyətinə ciddi təsir etdiyini də bildirirlər.

Maraqlıdır, bir məhsulun qiymətinin iki dəfədən çox bahalaşması nə ilə əlaqədardır və bunun qarşısı necə alına bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, bahalaşma daxili və xarici faktorlardan irəli gəlir:

“Qiymət əmələgəlmə prosesi məhsulun ərsəyə gəlməsində çəkilən xərclər hesabına olur. Sahibkarın mənfəəti də nəzərdə tutulur. Azərbaycanda hazırda bir çox məhsulların tədarükü idxaldan asılıdır. İstər yağ, istər şəkər çuğunduru, istərsə də dənli bitkilər xaricdən gətirilir. Azərbaycanda bu sahədə müəyyən sıxıntılar mövcuddur. Pandemiyanın yaratdığı fəsadlar, daşınma, logistika, əlavə rüsumlar məhsulların qiymətinin artmasına səbəb olur”.

İqtisadçı qeyd edib ki, idxaldan asılı olduğumuz üçün Ümumdünya Ticarət Təşkilatına qoşulmaqdan başqa çarəmiz yoxdur:

“Azərbaycan hazırda idxaldan asılı olduğu üçün Ümumdünya Ticarət Təşkilatına qoşulmaqdan başqa çarəsi qalmayacaq. Bununla bazara ucuz mal daxil olacaq. Azərbaycan 25 ildir ki, bu barədə düşünür. Lakin təşkilata üzv olmur. Gələcəkdə bazara ucuz mal daxil olması üçün təşkilata üzv olmalıyıq. Bununla yanaşı, istehsalı gücləndirməliyik”.

A.İbrahimov əlavə edib ki, bahalaşmanı aradan qaldırmaq üçün maya dəyəri üzərində iş aparılmalıdır:

“Xammal burada istehsal olunsa da, son məhsulun bir çox elementləri və ya hər hansı inqrediyenti xaricdən gətirilir. Yaxud qablaşdırma məmulatları burada istehsal olunsa da, xammalı xaricdən gəlir.

Çıxış yolu budur ki, xaricdən ölkəyə daxil olan məhsulların bahalaşmasını təşkil edən maya dəyəri üzərində iş aparılmalıdır. Maya dəyərinin aşağı salınması üzrə proqram təmin edilməlidir. Və yaxud da Ümumdünya Ticarət Təşkilatına üzv olmalısan. Çünki onlarda vahid gömrük və vergi var. Bütün ölkələr üçün eynidir. Özbaşına vergi qanunvericiliyində manevrlər edə bilmirlər. Bununla da bazara ucuz məhsullar gəlir”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın 1995-ci ildə yaradılmış ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilib və 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində İşçi Qrup yaradılıb. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə, sonuncu, 14-cü iclası 2017-ci ildə Cenevrədə təşkil olunub.

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılıb. NK-nın 27 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanın yeni tərkibi təsdiq edilib. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir. Komissiyanın sədri baş nazirin müavini Şahin Mustafayevdir. Bu günədək Komissiyanın 11 iclası keçirilib.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir