Tibb Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Cəmiyyət

Azərbaycan Tibb Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününün 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, öncə tədbir iştirakçıları Azərbaycan Tibb Universitetində şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə güllər qoyublar.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Zəfər Günü 44-günlük Vətən müharibəsində xalqımızın birliyinin rəmzi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun parlaq qələbəsinin simvoludur: “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də şücaət və qəhrəmanlıq salnaməsi olan Zəfər Günüdür. Hər bir azərbaycanlının qürur və fəxr mənbəyi olan bu gün milli ləyaqətimizi özümüzə qaytardı, başımızı dik tutmağa imkan verdi”.

Nazir yaralı əsgər və zabitlərimizin sağlamlıqlarının bərpası zamanı son dövrlərdə ölkə səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsində görülən işlərin böyük rolu olduğunu vurğuladı: “Paytaxtda və regionlarda yeni tibb müəssisələrinin açılması, xüsusilə cəbhəyanı bölgələrdə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş rayon mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzlərinin yaradılması lazımi məqamda yaralılara yardım göstərilməsi üçün vaxtında atılmış zəruri addım idi”.

“Hər sahədən həkimlərimiz Vətənin çağırışı ilə könüllü olaraq cəbhə bölgəsində xidmət etdilər. Azərbaycan tibb işçiləri ordusu əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirərək həm ön, həm də arxa cəbhədə yüzlərlə yaralı hərbçimizi həyata qaytardılar. Təəssüf ki, öz vəzifə borcunu yerinə yetirən zaman həkim və tibb işçiləri arasında şəhidlərimiz də var. Onların xatirəsi daim bizim üçün əzizdir. Əksəriyyəti Tibb Universitetinin məzunları olan bu şəhid həkimlərin xatirəsi, nə yaxşı ki, burada əbədiləşdirilib və həmişə yad ediləcək”, – deyərək Teymur Musayev fikrini tamamladı.

Öz çıxışında ATU-nun rektoru, professor Gəray Gəraybəyli şəhidlərimizin müqəddəs qanı hesabına qazanılmış qələbənin heç zaman xalqınmızın yadından çıxmayacağını vurğuladı: “44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən hərbçilərimiz arasında Azərbaycan Tibb Universitetinin yetirmələri, hərbi həkimlər də olub. Onlar əllərinə silah almasalar da, bu müharibənin cəsarətli döyüşçüləri olublar. Öz həyatlarını təhlükə altına ataraq yaralılara qulluq edib və qəhrəmanlıqla şəhid olublar. Xalqımız heç zaman mərdlik göstərən tibb işçilərinin xatirəsini unutmayacaq”.

Daha sonra “Qan yaddaşımız” adlı videoçarx nümayiş olundu. Sonda ATU-nun tələbələri “Şəhid anası” tamaşasını təqdim etdilər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir