8 Noyabr – Zəfər Günü ərəfəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə daha bir maraqlı layihə ərsəyə gəlib. “Şuşa” musiqili-qrafik layihəsi Qarabağ və onun döyünən ürəyi Şuşanın 30 illik işğaldan azad edilməsinin ildönümünə həsr olunub.
Uzun sürən həsrət və şanlı Qələbəmizin gətirdiyi qovuşma bir çox sənətçiləri yeni əsərlər yaratmağa ruhlandırır. “Şuşa” əsəri də bir qrup istedadlı insanın təşəbbüsü ilə ərsəyə gətirilib. Layihə “SS Production” şirkəti tərəfindən həyata keçirilib. Sözləri Kübra Kərimliyə məxsus olan musiqinin müəllifi və ifaçısı AİSEL, səs prodüseri Emin Kərimdir. Layihənin baş prodüseri Aysel Rəcəblidir.
Layihənin maraqlı tərəflərindən biri də onun vizual həllidir. Bu həll məşhur rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun «Şuşa şəhərinin memarlığı» adlı qrafik rəsmlər silsiləsinə əsaslanır. Bu təsvirlərdə Şuşanın qədim memarlığını özündə əks etdirən tarixi abidələr və tikililər təqdim olunub ki, onların da bir çoxu işğal dövründə dağıdılıb və ya tamamilə məhv edilib.
Qrafik rəsmlər rejissor Teymur Nəcəfzadənin əməyi ilə canlılıq qazanaraq klipə çevrilib. Klipdə mədəniyyət beşiyimiz Şuşanı yalnız Azərbaycan deyil, bütün region üçün unikal və bənzərsiz edən memarlığı ilə birlikdə bu qədim torpağın dahi sənət adamlarına da yer verilib. Layihədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin, ölkənin musiqi və yaradıcılıq irsində xüsusi dəyər kəsb edən, parlaq iz qoyan şuşalıların obrazlarından istifadə olunub. Bu virtual gəzintidə Pənahəli xan, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi görkəmli şəxsiyyətlər yer alırlar.
Klipin 8 Noyabr – Zəfər Günü ərəfəsində Şuşanı azad edən əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin əziz ruhuna hörmət əlaməti olaraq, İqtisadiyyat Nazirliyinin inzibati binası üzərində vizual yayımlanacağı gözlənilir.
“Şuşa” musiqili-qrafik layihəsi Zəfər Günü ərəfəsində Qarabağdakı milli-mənəvi irsimizin, Azərbaycan memarlığının ən gözəl incilərinin, Şuşa şəhərinin zəngin və şanlı tarixi keçmişinin tanıdılmasına mühüm bir töhfədir. Böyük qürur hissi ilə “Şuşa” layihəsini sizə təqdim edirik:
www.102info.az