Noyabrın 4-də Özbəkistan Respublikasının Vəkillər Palatasının Ədliyyə Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT – OSCE) Özbəkistan Respublikası üzrə layihə koordinatoru, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq (İHAK) Mərkəzi Asiya üzrə Regional Ofisi ilə birgə təşkil etdiyi Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Vəkillik peşəsinin inkişaf perspektivləri: Özbəkistan və xarici ölkələrin təcrübəsi” mövzusuna həsr olunmuş II Beynəlxalq Vəkillər Konfransı baş tutub.
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Beynəlxalq təşkilatların və 20-dən çox ölkənin vəkillər kollegiyalarının nümayəndələrinın iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının geniş nümayəndə heyəti də iştirak edib.
Konfransın əsas məqsədi xarici ölkələrin vəkillər kollegiyalarının nümayəndələrinin təcrübə mübadiləsi və rəqəmsallaşma dövründə vəkilliyin perspektivləri ilə bağlı ekspert rəylərini nəzərdən keçirmək, qabaqcıl təcrübələri öyrənmək və pulsuz hüquqi yardım sahəsində yaranan problemlərin həlli yollarını tapmaq olub.
Konfransın açılış nitqində Özbəkistan Respublikasının Vəkillər Palatasının sədri Alim Ernazarov və digər məsul şəxslər dünyada vəkillik fəaliyyətinin həyata keçirilməsi zamanı üzləşilən problemlər, onların həlli yolları, gələcək perspektivlər və bir sıra digər məsələlər üzrə çıxışlar ediblər.
Daha sonra konfrans öz fəaliyyətini dörd fərqli sessiya zalında keçirilən plenar iclaslarda davam etdirib.
İlk plenar iclasda “Pulsuz hüquqi yardım və “Pro bono”: 2018-ci ildən Azərbaycan Respiblikasının təcrübəsi” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və üzvü Gülşən Salmanova ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən Azərbaycanda vəkillik institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, habelə qanunvericiliyin təkmilləşdirilməsi, ölkə başçısının bir sıra fərmanları, onların əhəmiyyəti, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar mövcud problemlər, görülmüş işlər, qarşıda duran vəzifələr və perspektivlərlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
“Biz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üçün müxtəlif aktual məsələlər üzrə Özbəkistan Respublikasının və xarici ölkələrin təcrübəsi ilə birbaşa tanış olmaq üçün unikal imkan əldə etdik”, – deyə A.Bağırov forumun yekunları üzrə qeyd edib.
Bundan əlavə, forumun plenar iclaslarında spiker qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dörd nümayəndəsi çıxış edib.
İkinci plenar iclasda məruzəçilərdən ARVK-nın üzvü Şaiq Mirzəyev “Azərbaycan Respublikasında sahibkarlığın hüquqi müdafiəsi” mövzusunda çıxış edib.
Ş.Mirzəyev sahibkarlığa dəstək üzrə dövlət siyasəti, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sistemi və “bir pəncərə” siyasəti, sahibkarlığın dəstəklənməsində ARVK-nın rolu və iştirakı, Biznes Hüququ Komitəsinin yaradılması və bir sıra digər aktual məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra, üçüncü plenar iclasda “Azərbaycan Respublikasında vəkillik peşəsinin rəqəmsallaşması: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda çıxış edən Yunis Nəsibov maraqlı təqdimatlar keçirmiş, iştirakçıları ölkəmizdə yaradılan elektron hökumət, elektron məhkəmə sistemi, mobil notariat, vəkillərin elektron portallara inteqrasiyası, həmçinin ARVK-nın internet saytı, elektron vəkil kabineti və bir sıra digər rəqəmsal yeniliklər ilə yaxından tanış ediblər.
Sonda, dördüncü plenar iclasda “Azərbaycan Respublikasında vəkillərin peşə hazırlığının əsas prioritetləri” mövzusunda hazırladığı təqdimat ilə çıxış edən Arif Məmmədov vəkillərin peşə hazırlığının və ixtisasının artırılması sahəsində zəruri tədbirlərin görülməsi, peşə hazırlığının beynəlxalq standartlara cavab verməsi, bu sahədə mövcud problemlər, görülmüş işlər, habelə qarşıda duran vəzifələr və perspektivlərlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Anar Bağırov forum çərçivəsində bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər zamanı daha sıx faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparıb.
Bundan əlavə, ARVK-nın sədri cənab Anar Bağırov və nümayəndə heyəti tədbir çərçivəsində uzun illərdir Özbəkistan Respublikasında yaşayan, əslən Şuşadan olan Özbəkistan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü Əli Nəsirli ilə görüşüblər.
Qeyd edək ki, Əli Nəsirli Azərbaycan və Özbəkistan Respublikaları arasında əlaqələrin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Özbəkistan və Azərbaycan Respublikalarının “Dostluq” ordeni ilə təltif edilib.
II Beynəlxalq Vəkillər Konfransında iştirak etmiş digər vəkillər – Muxtar Mustafayev, Şəfayət Həsənov, Kamandar Nəsibov, Mehman Muradlı, Polad Mehdiyev, Vüsal Mirzəyev, Zaur Abiyev, Gülşən Salmanova, Elxan Quliyev, İlhamə Həsənova, Arif Məmmədov, Amid Məmmədov, Rəsul Yusifbəyli və Seymur Səfərov plenar iclaslarda fəal iştirak edib, mövzularla bağlı fikir mübadiləsi aparıblar.
Sonda tədbir iştirakçıları üçün Özbəkistan Vəkillər Palatası tərəfindən rəsmi ziyafət və Özbəkistan Respublikasının tarixi məkanlarına səfərlər təşkil olunub.
www.102info.az