Qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Yanvarın 1-dən bu tələblər qüvvəyə minəcək. “Qida təhlükəsizliyi haqqında” Qanuna əlavə edilmiş yeni qaydalara əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Məsələn, qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi qadağan olunacaq. Belə ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatların verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsinə yol verilməyəcək.
Bəs görəsən, bu proses hansı şəkildə tənzimlənəcək? Yeni qanun məhsulların qiymətinə təsir göstərəcəkmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, məhsulun üzərində yazılan məlumatlarla insanları aldadırlar:
“Yeyinti məhsulları ilə bağlı qanunda yazılıb ki, qida məhsulları necə markalanmalıdır. İstehsalçılar istehlakçıları aldatmaq üçün müəyyən çağırışlar yazırlar. Buna da heç kəs nəzarət etmir. Üzərinə yazırlar ki, pəhriz üçündür, bu xəstəliklərə xeyir edir. Darçın məhsulunun üzərində yazılıb ki, 13 xəstəliyi müalicə edir. Çağırışlarla istehlakçıları aldadırlar. Dükanlarda ayrıca diabet taxçaları olur. Orada diabetə zərər edən mallar satılır. Üzərinə yazılır ki, diabetə xeyirdir. Bütün bu məsələlər həll olunacaq”.
E.Hüseynov qeyd edib ki, məhsulların üzərindəki məlumatlara görə rəsmi kağız verilməlidir:
“Ciddi məsələlərdən biri markalanmadır. Xaricdən gətirilən malların qutularda satılması da doğru deyil. İstehlakçıların aldadılmasına gətirib çıxarır. Kolbasaların üzərinə yazılır ki, içərisində donuz əti yoxdur. Üstündə yazılanla tərkibi eyni olmur.
Markalanma ciddi şəkildə nəzarətə alınacaq. Əslində, məhsulun üzərindəki yazılar üçün rəsmi kağız verilməlidir. Məhsulla bağlı eksperiment aparılmamış malların üzərinə məlumat yazılmasının qarşısı alınacaq. Bu günə qədər çoxu qeyri-rəsmi olub. Xüsusən, İran mallarında problem yaşanır”.
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, bəzən təşviq məqsədi ilə məhsullar üzərində tam yoxlanılmamış, sertifikatlaşdırılmamış məlumatlar olur:
“Burada söhbət istehlakçı hüquqlarının müdafiə olunması istiqamətində məlumatlandırma və reklamla bağlı olan informasiyaların verilməsi üsullarının məhdudlaşdırılmasından gedir. Əvvəllər “halal” ifadəsi yazılırdı. İfadənin yığışdırılması ilə bağlı rəsmi sertifikatlaşdırılmadan sonra etiketlər vurulması ilə bağlı qanunvericilik bazası formalaşdı. Məlumatların indi də təqdim edilməsi üçün konkret olaraq laboratoriya ekspertiza fəaliyyətlərinin nəticələrinə ehtiyac var. Bunu hər hansı şəxsin öhdəliyinə buraxmaq olmaz. Düzgün olmayan informasiyalar bazar aləti kimi istifadə edilə bilməz”.
R.Həsənov əlavə edib ki, yeni qanunun qiymətə təsir edəcəyini düşünmür:
“Qiymətə təsir edəcəyi bilinmir. Əgər həmin qanunvericilikdə yalnız müxtəlif sertifikatlar alındıqda “pəhriz” və s. ifadələrin istifadə edilməsi üçün şərait yaradılacaqsa, əlbəttə, bu sertifikatlaşdırma özü xərc yükü yarada bilər. Bu xərc yükü birdəfəlik olduğu üçün maya dəyərində əksi çox da böyük olmayacaq. Sertifikatından, xərc yükündən, təqdim olunan məhsulun dövriyyəsindən də asılı olacaq. Buna görə də düşünmürəm ki, qiymətə ciddi təsir etsin. Bu məsələ istehlakçılara düzgün məlumatlar verilməsinə yönəlib. Tərkibi qanunvericiliyə uyğunlaşdırılacaq, nəzarət gücləndiriləcək”.
Nəzrin Vahid
www.102info.az