Bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən zərgər necə bəraət alıb? – ŞİKAYƏT + FOTO

Cəmiyyət

Bir qrup vətəndaş onlara qarşı 120 min manatdan çox ziyan vuraraq dələduzluq edən zərgərin cəzasını almamasından şikayətçidir.

Bu barədə şikayətçilər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar. 

Həmin şikayətçilərdən biri Vüsal Balayev saytımıza bildirib ki, Canıbəyli Atabəy Ziya oğlu ondan ucuz qiymətə qızıl məmulatı alıb, baha qiymətə satmaq üçün pul alıb:

“2018-ci ildə Atabəy Canıbəyli ilə məclisdə tanış olmuşduq. 2019-cu ilin sentyabr ayında Atabəy Mərkəzi Univermaqda zərgər işləyirdi, dedi ki, qızıl işində pul var. Biz qızılı ucuz alıb, baha qiymətə satıb, qazancı da yarı bölə bilərik. Düşündüm ki, pul qazanmaq olar və 2019-cu ilin sentyabr ayının ortalarında A.Canıbəyliyə Bakı şəhəri, Nərimanov rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən restoranların birində 5 000 manat verdim.

Atabəy dedi ki, ona verdiyim 5 000 manat çox azdır, qızıl bahadır və verdiyim pula çox qızıl əşyaları almaq mümkün deyil. Mən oktyabr ayının əvvəllərində ona eyni ünvanda 6 000 manat, 2020-ci il yanvarında 6 000 ABŞ dolları verdim. 

Bundan sonra bir necə dəfə Atabəylə görüşəndə ondan verdiyi pula nə isə edə bildiyi ilə maraqlandım. Atabəy hər dəfə bir bəhanə edirdi, gah dedi, hələ ala bilməyib, gah dedi, alıb, satışa qoyub, lakin hələ sata bilməyib. 

Dələduzluqda ittiham olunan şəxs:

Təxminən ayyarımdan sonra mən qətiyyətlə pulun qazancını istədim və Atabəy dedi ki, qızıl məmulatları hələ sata bilməyib, lakin məni arxayın etmək üçün 800 manat verə bilər, arxayın olum ki, qazanc olanda mənə pul verəcək.

Atabəy həmçinin demişdi ki, mənə verdiyi 800 manatı da qazancdan çıxıb götürəcək. Eyni zamanda, o məndən 2020-ci ilin fevral ayında 6 080 manat məbləğdə olmaqla, cəmi 27 min 280 manat təşkil edən pulu nağd şəkildə alıb”.

V.Balayev deyir ki, Atabəy Canıbəyli ümumilikdə 10 nəfərdən çox adamı aldadıb:

“Sadəcə, ondan altı nəfər şikayətçi oldu. O, məndən başqa, Ələsgərov Fərhadın da etibarından sui-istifadə edərək, ona məxsus qızıl məmulatlarını əridib qaytaracağını bildirərək aldadıb. 2019-cu ilin oktyabr ayının axırlarında 13 min 500 ABŞ dolları dəyərində 313 qram çəkili, 750 əyarlı qızıl alıb. Eyni zamanda, Oktay Paşayev, Mehman Əhmədov, Çingiz Məmmədrzayev, Tural Şərifovu da aldadaraq pul, qızıl alıb, özü üçün xərcləyib. Hər kəsi aldadan dələduz zərgəri tapmaq istədikdə atası dedi ki, oğlum müflis olub. Məsələ barədə Baş Prokurorluğa müraciət etdik”.

O qeyd edib ki, zərgər ümumilikdə 120 min manatdan çox ziyan vurmaqla dələduzluq edib və məhkəmə qərarı ilə üç il müddətinə həbs olunub:

“Atabəy Canıbəyli həbs olundu və məhkəməyə çıxarıldı. İlkin məhkəmə ona üç illik hökm verdi. Bir müddət sonra hökmdən narazı qalan Atabəy Canıbəyli Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Zəki Babayevin sədrliyi ilə məhkəmə yenidən keçirildi.

İş materialları ilə yaxından tanış olmadan, sübut və dəlillər nəzərə alınmadan üç il hökm alan şəxsin həbs qərarı ləğv edilib və bəraət verilib. Necə ola bilər ki, üç illik həbs alan şəxs bəraət alır? Biz, sadəcə, istəyirik ki, dələduz öz layiqli cəzasını alsın”.

Qeyd edək ki, qərardan narazı olan zərərçəkənlər Ali Məhkəməyə müraciət ediblər.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir