Bir neçə il öncə Azərbaycanda kənd kitabxanalarının müasirləşdiriləcəyi, mobil kənd kitabxanalarının yaradılacağına dair xəbər yayıldı. Sözügedən kitabxanalarda təkcə kitabların yox, həm də müxtəlif guşələrin olacağı, həmin guşələrdə görüşlərin keçiriləcəyi, filmlərin göstəriləcəyi bildirildi. Lakin sonradan bu planların reallaşıb-reallaşmadığı açıqlanmadı. Üstəlik, kənd yerlərindəki kiçik kitabxanaların bağlanmasına dair fikirlər səsləndirildi.
Ümumiyyətlə, son illər tez-tez valideynlərin kitabxanaların yoxluğu və ya fəaliyyətsizliyinə dair etirazları ilə rastlaşırıq. Bu isə uşaqların daha çox sosial platformalara meyil etmələrinə, internet aludəçisinə çevrilmələrinə yol açır. Əslində, internet əsrində ondan istifadədən daha təbii bir şey ola bilməz. Ancaq çox zaman böyüklər uşaqların internetdə keçirdikləri vaxta və onların müraciət etdikləri saytlara nəzarət etmədikləri üçün cəmiyyətimiz bunun mənfi fəsadları ilə üz-üzə qalır.
Sosioloq Əhməd Qəşəmoğlu Oxu.Az-a açıqlamasında kəndlərindəki kitabxananın onun bu gün elm aləmində olmasındakı rolundan söz açıb:
“O kitabxanasız mən həyatımı təsəvvür edə bilmirəm. İkinci sinifdən mən o kitabxananın ən fəal oxucularından olmuşam. Tək mən yox, kəndimizin bir çox uşaqları oraya baş çəkirdilər. İndiki vaxtda isə sosioloq kimi kənd kitabxanalarının azalmasını görmək vahiməlidir. Kənddəki kitabxanaları yığışdırmaq, indiki uşaqların kitabı sevmədiyi fikrini yaratmaq düşmən marağına xidmət edir. Kənddə həm kitabxanalar olmalıdır, həm də uşaqlarda bədii ədəbiyyata maraq yaradacaq xüsusi proqramlar tətbiq edilməlidir. Çünki insanın formalaşmasına təsir edən dörd mühüm amil var: ailə, məktəb, mühit, bədii ədəbiyyat. Bunlar bizim nəslin formalaşmasında mühüm rol oynayıb”.
Ekspert qeyd edib ki, bu gün bədii ədəbiyyat ümumiyyətlə ortadan çıxıb:
“Ailələrdə gərginlik artıb, mühitdə də gərginlik var. Hamı da elə davranır ki, sanki elə belə də olmalıdır. Ona görə də uşaqlarımız sosial şəbəkələrin əlində qalıblar. Bizim xüsusi dövlət proqramımız olmalıdır. Təhsil Nazirliyi belə bir proqramı zəhmət çəkib hazırlamalıdır ki, uşaqlarda kitaba maraq artsın. Uşaqları stimullaşdırmaq lazımdır. Qabaqlar məktəblərdə bu məsələlərə münasibət çox fəal idi. İndi isə kitabxanalar bir ucdan bağlanır. Bu bizim xalqımıza qarşı bir təxribatdır. Kənd kitabxanaları kiçik bir yeri tutur, kənddə kimə bir az əməkhaqqı versən, kursa da gedər, gəlib orada da ürəklə işləyər. Çünki orada işləmək elə də böyük bacarıq tələb etmir. O qədər işsiz müəllim var ki, birini dəvət etsən, əlbəttə, işləyər. Kənd kitabxanalarını toz basıb, istifadə etmək mümkün deyil. Buna diqqət lazımdır”.
Həmsöhbətimiz məktəb kitabxanalarının bərbad vəziyyətdə olmasından da söz açıb:
“Xarici şirkətlərdən birinin proqramı vardı, o proqram çərçivəsində mən bir neçə rayonda kitabxana qurmuşam, həmin iş mənə çox xoş təsir bağışlayırdı. Onu qurmaq böyük xərc tələb etmir, sanki insanlarda böyük bir etinasızlıq var. İndi düşmənlə mübarizə təkcə silahla aparılmır, eyni zamanda bilik, dünyagörüşü ilə aparılır. Ona görə də təcili şəkildə məsələ həll olunmalıdır”.
Bəs görəsən, ümumiyyətlə, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin hansı rayonlarda, kəndlərdə kitabxanaları var? Onların fəaliyyəti necə tənzimlənir?
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin sistemində 75 mərkəzləşdirilmiş kitabxana sistemi (MKS) var:
“11 MKS Bakı şəhərində, 64 MKS isə respublikanın şəhər və rayonlarında fəaliyyət göstərir.
75 mərkəzləşdirilmiş kitabxana sistemində 75 mərkəzi kitabxana, 211 şəhər kitabxana filialı, 141 qəsəbə kitabxana filialı və 2 085 kənd kitabxana filialı – cəmi 2 512 kitabxana var”.
Qurumdan nazirliyin sistemində olan mərkəzləşdirilmiş kitabxana sistemlərinin ölkənin bütün inzibati ərazi vahidlərini əhatə etdiyi diqqətə çatdırılıb:
“Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri nazirliyin strukturuna daxil olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin tabeliyindədirlər. Onların fəaliyyətinə birbaşa nəzarət sözügedən idarələrin səlahiyyətlərinə aiddir. Hazırda 75 mərkəzləşdirilmiş kitabxana sistemində olan 2 512 kitabxananın 22 493 426 kitabxana fondu var və bu fondun açıq ictimai istifadəsi təmin edilib.
Nazirlik tərəfindən ictimai istifadəsi və ya kifayət qədər oxucu tələbatı olmayan lüzumsuz kiçik kitabxanaların daha funksional, kitabxana-informasiya xidmətləri sisteminə malik və fəaliyyət dairəsi geniş olan kitabxanalarla əvəz edilməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq iş aparılır”.
Sayad Həsənli
www.102info.az