Tibb işçilərinin əməkhaqlarına əlavələr artırılıb – FOTO

Cəmiyyət

Bir sıra tibb işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələr artırılıb.

Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.

Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150% artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur.

Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.

Bundan başqa TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib.

Aşağıda qeyd olunan ixtisaslardan olan həkimlər üçün ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb:

– Terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə;

– Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə;

– Eyni zamanda, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.

Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib.

Qaydaya edilən bu dəyişiklik 4 noyabr 2022-ci il tarixindən qüvvəyə minib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir