Bakıda, eləcə də digər şəhər və rayonlarda tez-tez baş verən təbii fəlakət və texnogen mənşəli hadisələr zamanı əksər hallarda yaxınlıqda park edilən nəqliyyat vasitələrinə ziyan dəyir.
Eyni zamanda, bəzən çoxmərtəbəli binalardan özünü ataraq intihar edən şəxslər də nəqliyyat vasitələrinin üzərinə düşürlər. Avtomobillər heç də həmişə zərbənin təsirini azaldaraq onların məqsədinə əngəl ola bilmir, amma istənilən halda əzilir və sahibi durduğu yerdə ziyana düşür.
Bundan başqa, yaxın tarixlərdə Yasamalda magistral su xəttinin partlaması zamanı, ötən gün Xırdalanda binada baş verən partlayış zamanı və bir çox digər bənzər hallarda nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı bu günə qədər təzminat ala bilməyən vətəndaşlar var.
Belə olan halda ortaya sual çıxır: avtomobilə dəymiş ziyanı kim qarşılamalıdır? Təbii və ya texnogen hadisələr zamanı nəqliyyat vasitəsinə ziyan dəyirsə, günah kimdədir? Eləcə də intihara cəhd edən şəxs dünyasını dəyişərsə, avtomobilə dəymiş ziyan kim tərəfindən ödənilməldir?
Məlum məsələdir ki, avtomobilin kasko sığortası varsa, bu sığorta çərçivəsində dəymiş ziyanı sığorta təmin edə bilər. Bəs kasko sığorta yoxdursa?
Oxu.Az mövzu ilə əlaqədar vətəndaşların suallarına cavab tapmaq üçün mütəxəssislərin fikirlərini öyrənib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının sığorta eksperti Emil Ağabağırov Oxu.Az-a açıqlamasında bildirib ki, Yasamalda baş verən qəza ilə bağlı icbari sığortası olan şəxslərin problemləri həll olunub:
“Əgər bir müddət öncə paytaxtın Yasamal rayonunda baş verən hadisə ilə bağlı ziyan dəyən obyektlərin icbari sığortası varsa, eyni zamanda nəqliyyat vasitələrinin kasko sığortaları olubsa, bu halda subasma nəticəsində dəymiş zərərlər qarşılanır. Sadalanan bu sığorta növü yaşayış və ya qeyri-yaşayış yerlərində, avtomobillərdə varsa, buna xüsusilə diqqət çəkirəm.
Xırdalanda baş verən partlayış məsələsinə gəlincə, əgər digər mənzillərin icbari sığortası varsa, bu, sığorta hadisəsi hesab olunur və mənzillərə dəymiş ziyan ödənilir. Eyni zamanda partlayışla bağlı ətrafda olan avtomobillərin də kasko sığortası varsa, ödənişlər ediləcək.
Lakin partlayış baş verən mənzilin sahibinin könüllü olaraq məsuliyyət sığortası varsa, bu halda da üçüncü şəxslərə – qonşuluqda olan mənzillərə, avtomobillərə, obyektlərə, hətta insan sağlamlığına belə, dəymiş ziyan qarşılana bilər”.
Emil Ağabağırov onu da qeyd edib ki, kasko sığorta növü könüllü olduğu üçün şirkətlər buna müdaxilə edə bilmirlər:
“Yalnız kasko sığortası olduğu halda intihar halları zamanı dəymiş ziyan risk faktoru kimi qiymətləndirilə bilər, buna istisna kimi baxa bilərlər. Bəzi şirkətlər bunu təminat altına ala bilər, ödəniş də edə bilərlər”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edir ki, vətəndaşın iradəsindən asılı olmayaraq baş verən hadisə və bu hadisə zamanı dəymiş ziyan yalnız kasko sığortası zamanı qarşılanır:
“İcbari sığorta bura aid deyil. Yaxud da nəqliyyat vasitəsinin kasko sığortası yoxdursa, bu zaman baş vermiş hadisənin səbəbkarı olan tərəf bu təminatı ödəməlidir. Bunun üçün zərərçəkmiş məhkəməyə müraciət etməli, qarşı tərəfdən ona dəymiş ziyanın ödənilməsini tələb etməlidir.
Avtomobilə dəymiş ziyanın hesablanması həyata keçirilməlidir. Sürücü bununla bağlı hər hansı servisə müraciət edə bilər. Servisdən rəsmi sənəd əldə edir və dəymiş ziyanın məbləği qeyd edilən sənədin bir nüsxəsini həmin ərazidə baş verən hadisəyə cavabdeh olan tərəfə (şəxsə, quruma və s. – red.) ünvanlayır. Əgər həmin qurum və ya şəxs bu zərəri ödəməkdən imtina edirsə, zərərçəkmiş yaşadığı ərazi üzrə məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldıra bilər”.
Vəkil Turan Abdullazadə isə bu cür qəza və partlayış, yanğın kimi hadisələrdə onların baş verdiyi obyektin sığortasının olub-olmaması məsələsinin aydınlaşdırılmalı olduğunu deyib.
O bildirib ki, əgər həmin obyektin sahibinin mülki məsuliyyətinin icbari sığortası yoxdursa, bu zaman hadisə yerindəki avtomobillərə zərər dəyibsə, kasko sığortasından yararlanmaq olar:
“Əgər nəqliyyat vasitəsinin kasko sığortası da yoxdursa, o zaman maşının sahibi dəymiş ziyanın ödənilməsi üçün məhkəmə qaydasında aidiyyəti şəxslərə qarşı iddia qaldırmalıdır. Ümumiyyətlə, mənzil və digər obyektlərə dəymiş ziyan həmin əmlakların icbarı sığortası ilə qarşılana bilər.
Mülki Məcəlləyə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (məsələn, nəqliyyat vasitələrinin toqquşması və ilaxır) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar.
Ümumiyyətlə, bədbəxt hadisənin meydana gəldiyi obyektin, əmlakın sığortası varsa, dəyən zərəri sığorta şirkəti ödəyir. Əgər bu yoxdursa, zərərin təmin edilməsi üçün məhkəməyə müraciət olunur.
Məsələn, sığortası olmayan hər hansı bir obyektdə orada çalışan bir işçinin təqsiri ucbatından partlayış baş vermiş, nəticədə üçüncü şəxslərin əmlakına zərər dəymişdir. Bu zaman həmin obyektin sahibi öz işçisinin vurduğu ziyanın əvəzini üçüncü şəxslərə ödəməlidir.
Belə ki, qanunvericiliyə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Əgər üçüncü şəxslərə zərər vuran şəxs vəfat etmişdirsə, onun borcları və digər öhdəlikləri üçün onun mirasını qəbul etmiş vərəsələri mülki məsuliyyət daşıyırlar”.
Könül Cəfərli
www.102info.az