“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK MÜSAHİBƏ + FOTO

Cəmiyyət

“Çox təəssüf ki, paytaxtın hər nöqtəsində ucuz qiymətə fiziki çirklənməyə məruz qalan qidalar satılır. Bu baxımdan bu gün gənclər arasında qastritdən əziyyət çəkənlər çoxdur”.

Bu sözləri Lent.az-a müsahibəsində sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onunla müsahibəni təqdim edirik:

– Bu gün Azərbaycanda istehsal olunan zavod çörəkləri keyfiyyətcə qənaətbəxşdirmi?

– Bu gün satışda olan çörəklərin əksəriyyəti insan sağlamlığı üçün həddindən artıq təhlükəlidir. Çünki həmin çörəyin hazırlandığı un keyfiyyətli deyil. Elə buna görə də insanların bir qismi çörəkdən imtina edir. 

Həmin çörəklər sənaye üsulu ilə hazırlanır. Bu baxımdan insanların bu çörəklərdən istifadə etməsini məsləhət görmürəm.

Çörəyin hazırlanmasında sintetik mayalardan istifadə olunur. Bu çörəkləri istehlak etdikdə insanda köp, şişkinlik yaradır və həzm prosesini çətinləşdirir. 

Bəzi insanlar həmin çörəkləri almağa məcbur olurlar. Zavod çörəyini qızardıb nəmliyini azaldaraq az miqdarda istifadə etmək olar.

– Marketlərdə satılan, mənşəyi bilinməyən, keyfiyyətsiz qidalar insanları hansı təhlükə ilə üz-üzə qoyur?

– Ölkədə elə marketlər var ki, səhər tezdən həmin marketlərə daxil olduqda insanı pis qoxu vurur. Bəzi market sahibləri enerjiyə qənaət etmək üçün gecədən soyuducuları söndürürlər. Həmin ərzaqlar uzun müddət lazım olan temperaturda yox, daha yuxarı temperaturda saxlanılır. Belə olduqda həmin ərzaqların qida dəyəri də aşağı düşür. Xüsusilə zülal tərkibli qidaları normadan aşağı və ya yuxarı temperaturda saxladıqda onlar təhlükə mənbəyinə çevrilir. 

İnsanlar qida seçərkən çox diqqətli olmalıdırlar. Kənd məhsulu adı altında satılan hər yumurta, qatıq, süd, pendir keyfiyyətli deyil. Məhsulların paketlənməsinə, qablaşdırılmasına, son istifadə tarixinə diqqət etməliyik. Aldığımız məhsul əzilmiş olmamalıdır. Son istifadə tarixi birbaşa məhsulun üzərində olmalıdır. Supermarketlərdə məhsulların üzərinə yapışqanlı kağızları o qədər üst-üstə yapışdırırlar ki, məhsulun ilk tarixi heç bilinmir. Bəzi aidiyyəti qurumlar müxtəlif monitorinqlər aparırlar. Amma məhəlləarası kiçik marketlər var ki, onlar özbaşınalıq edirlər. Əsasən, bu marketlərə ciddi şəkildə nəzarət olunmalıdır.

– Marketlərdə mövsümə uyğun olmayan meyvələrin yüksək qiymətlərlə satıldığını görürük. Sizcə, həmin meyvələrin qiyməti yüksək olduğu qədər keyfiyyəti də yüksəkdir?

– Ümumiyyətlə, insanlara mövsümə uyğun olmayan meyvələri istehlak etməyi məsləhət görmürəm. Qışda alçanın, çiyələyin satıldığını görürük. Bu meyvələrdən, xüsusilə, hamilə qadınlar alırlar. Çox təəssüflər olsun, insanlar bilmirlər ki, həmin meyvələrin yetişdirilməsi üçün həddindən artıq kimyəvi maddələr, gübrələr istifadə olunur və digər müdaxilələr olur. Bu cür yetişmiş çiyələklə təbii şəkildə yetişən çiyələk arasında çox fərq var. 

– Restoranlarda vəziyyət qənaətbəxşdirmi?

– Ölkədəki hər restoranda vəziyyət ürəkaçan deyil. İstər bahalı, lüks restoranlarda, istərsə də ucuz restoranlarda ətin keyfiyyətsiz olduğunun, at və ya eşşək ətindən istifadə olunduğunun şahidi oluruq. Bununla bağlı nə qədər tədbir görülsə də, yenə də həmin ətlərin restoranlara satıldığını çox yaxşı bilirik. İnsanlar bu gün müasir yeməklərə üstünlük verdiklərinə görə həmin ətləri müxtəlif souslarla, dadlandırıcılarla süfrəyə verərək insanları aldadırlar. 

– Küçədə, xüsusilə metro stansiyalarının yaxınlığında üstüaçıq qidalar və içkilərin satıldığının şahidi oluruq… 

– Çox təəssüf ki, paytaxtın hər nöqtəsində ucuz qiymətə fiziki çirklənməyə məruz qalan qidalar satılır. Bu baxımdan bu gün gənclər arasında qastritdən əziyyət çəkənlər çoxdur. Keçmişdə 40-50 yaşlı insanların mədəsində problem yarandığının şahidi olurduqsa, indi isə 20 yaşlı gəncin mədəsində problem yarandığını eşidirik. 

Ən çox da nar şirələri satılır. Nar çox faydalı meyvədir. Amma küçədə nar şirələrini gigiyenik qaydalara uyğun şəkildə satmırlar. Narı yumurlar, şirəçəkəni təmizləmirlər, heç bir əlcəkdən istifadə etmirlər. Heç əlini yumağa yer yoxdur. Narın şirəsini çəkib uzun müddət onu plastik qabda saxlayırlar. 

– Tez-tez paytaxt ərazisində hər hansı bir dönərxananın bağlandığını müşahidə edirik. Bunlara səbəb isə həmin dönərxanalarda gigiyenik qaydalara riayət olunmaması və yaxud satılan dönərin at və ya eşşək ətindən hazırlanması olur. Sizcə, bu gün dönərxanalara nəzarət yetəri qədər qənaətbəxşdirmi? Hazırda dönərxanalarda vəziyyət nə yerdədir?

– Qida satılan hər yerdə monitorinqlər aparılır. Amma mütəmadi olaraq aparılmır. 1 manat 50 qəpiyə dönər və ayran satılır. Axı bu dönər nə dərəcədə keyfiyyətli ola bilər?

Dönəri düzgün şəkildə hazırlayıb bişirmirlər. Tez bir zamanda hazır olsun deyə alovun dərəcəsini artırırlar. Belə olduqda həmin ət də yanır. İnsanlar əsasən toyuq ətindən hazırlanan dönərlərə üstünlük verirlər. Amma həmin toyuq dönəri, həqiqətən də, toyuq ətindən hazırlanıbmı? 

Dönər ətlərinin hazırlanması ucuz başa gəlsin deyə toyuğun dərisindən və digər atılmalı hissələrindən hazırlayırlar. Həmin dönərdə ət deyilən bir məfhum yoxdur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir