Kürdəmir rayonunda üç ailənin yaşadığı fərdi yaşayış evində yanğın olub.
“Report” xəbər verir ki, hadisə rayonun Atakişilli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Abışov Maşallah Ağakişi oğluna məxsus ikimərtəbəli altı otaqlı, ümumi sahəsi 280 kv.m olan evin 140 kvadrat metr hissəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanmadır.
Qeyd edək ki, yanğın zamanı ev sahibinə ümumilikdə 60 min manata yaxın maddi ziyan dəydiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
www.102info.az