Kürdəmir rayonunun Sor-Sor kəndinə internet xəttinin çəkilməsi yarımçıq qalıb.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, kəndin bir hissəsi internet və telefon xətti ilə təmin edildiyi halda, digər hissəsi bundan kənarda qalıb. Sakinlər deyirlər ki, kənd naməlum səbəblərdən hələ də tam internetləşdirilməyib.
Yerli əhali bir müddət əvvəl kəndin internet təminatının həyata keçirilməsi üçün ərazidə elektron ATS yerləşdirildiyini bildirib. Həmin vaxt həm kənd əhalisinin sayının azlığı, həm də internetdən geniş istifadə olunmaması məntəqənin tam internetləşdirilməsinə maraq yaratmayıb. Lakin zaman keçdikcə həm əhalinin artımı, həm də internetin zəruri hala çevrilməsi bu xidmət sahəsinə olan tələbatı daha da artırıb.
Məsələ ilə bağlı “Aztelekom MMC”dən “Report”un yerli bürosuna bildirilib ki, rayonda internet xətlərinin quraşdırılması işləri “Azəronline” şirkətinə həvalə olunub.
Şirkətdən qeyd edilib ki, kənd və qəsəbələrin internet şəbəkəsi ilə təminatı əvvəldən müəyyənləşdirilən layihə çərçivəsində həyata keçirilir: “Hazırda rayonda bir neçə kənddə yüksək keyfiyyətli optik internet xətlərinin quraşdırılması işləri aparılır. Bu işlər rayon ərazisində mütəmadi olaraq ardıcıl şəkildə davam etdirilir”.
Şirkətdən həmçinin vurğulanıb ki, Sor-Sor kəndinin internet şəbəkəsinə qoşulması üçün yeni layihə hazırlanıb: “Kürdəmirin yaşayış məntəqələrinə davamlı və keyfiyyətli internet xətlərinin çəkilməsi işləri mərhələli şəkildə həyata keçirilir. Sor-Sor kəndinin mövcud problemi də aradan qaldırılacaq”.
www.102info.az