Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin, Diaspora üzrə Dövlət Komitəsinin dəstəyi, Fransada rəsmi fəaliyyət göstərən Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan dili üzrə həftəsonu məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, məktəbin açılışında Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva, səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.
Məktəbin açılışında məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycanın mədəniyyətini, ənənələrini təbliğ etməkdir. Məktəbdə musiqi, rəsm, şahmat və digər dərnəklər fəaliyyət göstərəcək. Məktəbdə təhsil alan şagirdlər həm dilimizi mənimsəyəcəklər, həm də müxtəlif dərnəklər vasitəsilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar.
Fransanın müxtəlif regionlarından 20-yə yaxın şagird dərslərdə mütəmadi iştirak edəcək. Rəsm dərsini Azərbaycan Respublikasının Əməkdar rəssamı Əsmər Nərimanbəyova, musiqi dərsini Fransada fəaliyyət göstərən musiqi müəllimi, pianoçu Səidə Zülfüqarova, Azərbaycan dili dərsini isə dilçilik üzrə magistratura məzunu Kəmalə Gülməmmədova keçəcəklər.
www.102info.az