88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana beş il rəhbərlik etmiş Kirov niyə öldürülüb? – FOTO

Cəmiyyət

Bundan 88 il əvvəl, 1934-cü il dekabrın 1-də bütün Sovet İttifaqını şoka salan qətl hadisəsi baş verdi. Kommunist Partiyasının Leninqrad vilayəti üzrə rəhbəri, Siyasi Büronun üzvü və Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sergey Mironoviç Kirov öldürülür.

Hadisə SSRİ rəhbəri İosif Stalin tərəfindən müxalifətə qarşı hücuma keçməyə və ölkədə terror dalğasının başlanmasına ilk siqnal olur. Hesab olunur ki, şəxsi münaqişə zəminində törədilən bu qətl hadisəsi 1937-ci ildə başlayacaq repressiya və böyük terror dalğasının ilk carçısı olur.

Lent.az 1921-ci ilin iyulundan 1926-cı ilin yanvarına qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, sonralar Leninqrad vilayətinə rəhbərlik etmiş və SSRİ-nin ən nüfuzlu siyasi xadimlərindən biri sayılan Sergey Kirovun 88 il əvvəl törədilən qətl işinə yenidən nəzər salır. 

Sergey Kirovun qatili Leonid Nikolayev 3 dəfə onu öldürməyə cəhd etmişdi. İlk dəfə 1934-cü ilin oktyabrında o, Kirovu yaşadığı evinin qarşısında gözləyəndə təhlükəsizlik orqanlarının diqqətini cəlb etmişdi. O, milis şöbəsinə aparılmış, sorğu-sual etmişdilər. Amma Kommunist partiyasına üzvlük vəsiqəsi və odlu silah daşımaqla bağlı qanuni icazəsini təqdim etdiyi üçün azad olunmuşdu. 

Təxminən 1 ay sonra Nikolayev yenidən sui-qəsd cəhdi göstərir. Bu dəfə o, Moskva Vağzalına gələcək Birinci katibi gözləməyə başlayır. Amma mühafizə xidməti ərazidə toplaşan insanları Kirovun gəlişindən az əvvəl kənarlaşdırdığı üçün sui-qəsd cəhdi bu dəfə də alınmır. 

Nəhayət, 1934-cü il dekabrın 1-də Leninqrad şəhər və vilayət partiya orqanlarının yerləşdiyi Smolnı binasına daxil olaraq dəhlizdə Sergey Kirovla qarşılaşır və ona arxadan atəş açaraq qətlə yetirir. Bundan sonra, Leonid Nikolayev özünü də öldürmək istəyir, lakin silah atəş açmır və gərgin halda olan qatil huşunu itirir. O ayılanda ətrafında xüsusi xidmət orqanlarının əməkdaşları olur.

1930-cu illərdə SSRİ-də siyasi vəziyyət gərgin idi və partiya daxilində hakimiyyət uğrunda mübarizə gedirdi. Bu şəraitdə İosif  Stalin dekabrın 2-də Leninqrada gələrək siyasi rəqiblərini tamamilə məhv etmək üçün hadisənin “Trotskinin tərəfdarları”nın törətdiyini elan edir. 

Nikolayev cinayəti tək törətdiyini və heç kəsdən göstəriş almadığını desə də, Sovet hakimiyyətinin onu edam etməyəcəyini, bir neçə il əmək düşərgəsində cəza çəkəcəyi ilə bağlı vədinə aldanır. O, istintaqa öz “cinayət ortaqları”nın adını çəkməyə başlayır. 

“Leninqradskaya pravda” qəzeti dekabrın 18-də çıxan sayında partiya xadimləri Kamenev və Zinovyevin cinayətin sifarişçiləri olduğunu yazır. 

Qeyd olunmalıdır ki, Leonid Nikolayev, həyat yoldaşı Milda Draule və günahı yalnız bu cütlüklə dost münasibətlər saxlaması olan daha 12 “cinayət ortağı” dekabrın sonlarında tez-tələsik güllələnir. 

1956-cı ildə keçirilən Kommunist Partiyasının qalmaqallı XX qurultayında Baş katib Nikita Xruşşov hadisələrin yeni versiyasını irəli sürür. Xruşşovun fikrincə, İosif Stalin partiya rəhbərliyində rəqib kimi gördüyü Sergey Kirovun qətlini şəxsən sifariş vermişdi. 

Amma Stalinin siyasi qətl üçün daha təcrübəli və etibarlı metodlara əl ata biləcəyini nəzərə aldıqda bu versiyanın da doğruluğu şübhə altındadır. 

Nikolayevin Kirovu qətlə yetirməsindən sonra intiharına mane olan elektrik montajçısı Platiç qatilin cinayəti törədəndən sonra “Mən qisas aldım”, – deyə çığırdığını xatırlayır. 

Nikolayevin özü sorğu-sual zamanı addımının motivini açıqlamamışdı. Amma Leninqradda gəzən şayiələrə görə, zəif cinsin nümayəndələrinə qarşı zəifliyi ilə seçilən partiya funksioneri Mariin Teatrının rəqqasəsi Milda Draule ilə də eşq macərası yaşayırdı. Leonid Nikolayev isə Milda Draulenin həyat yoldaşı idi.

Belə olan halda cinayətin qısqanclıq zəminində törədilməsi versiyası əsas olurdu. Bu versiyanı “NKVD”-nin gələcək rəhbəri Lavrenti Beriya da əsas götürürdü. Amma 2009-cu ildə Leonid Nikolayevin uzun illər məxfi saxlanılan gündəliyi ictimaiyyətə açıqlanır. Onun qeydlərinə nəzərə salanda Leonid Nikolayev Kommunist Partiyası Tarixi İnstitutundakı işindən qovulmasında Kirovu müqəssir hesab edirdi.

Üstündən 88 il keçsə də, Sergey Mironovun ölümü ilə bağlı detalları və səbəbləri tam müəyyən etmək mümkün olmayıb

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir