Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilmiş yeni növ Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 3-dən ölkəmizin bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.Respublikamızda tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq bütün təhsil müəssisələrində, o cümlədən Bakı Slavyan Universitetində (BSU) də distant təhsil həyata keçirilməyə başlanıldı. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq sağlamlığımızı qorumaq üçün bir çox qaydalara əməl etməli olduq. Bu qaydalara sosial məsafəni qorumaq, tibbi maska və əlcəkdən istifadə etmək, insanların çox olduğu yerlərdə mümkün qədər az olmaq və “Evdə qal!” çağırışına əməl etmək daxildir. Həmçinin yaşı 65-dən çox olan insanlar risk qrupuna aid olduqları üçün onlar evdən çıxmamalı idilər. Bu çətin vaxtda həkimlər və polislərlə birlikdə Azərbaycan könüllüləri də öz dəstəklərini əsirgəmədilər. Koronavirusla mübarizədə onlar da bir neçə layihədə yaxından iştirak etdilər. Həmin könüllülərdən bəziləri də BSU-nun tələbələri idi. Belə ki, ”Böyüklərimizi qoruyaq!”, “Könüllü donor”, “Könüllü qonşu”, “Bir-birimizi qoruyaq!” layihələrində BSU-nun tələbələri Murad Hüseynli, Murad Ayazlı, Samirə Fərəcova, Rza Əliyev, Mübasib Əliyev, Əsmər Abbasova və digər tələbələrimiz fəal iştirak etdilər.Xüsusi vurğulamaq istəyirik ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva çətin dövrdə öz yardımını əsirgəməyən bu ali məktəbin tələbə-könüllülərinə dəstək verərək, onlara yaz semestrinin imtahan sessiyası ilə bağlı böyük güzəştlər etdi. Qeyd etmək lazımdır ki, rektorumuz, professor Nurlana Əliyeva hər zaman tələbələrə dəstək vermiş, daim bizim yanında olmuşdur.Biz, BSU-nun tələbə-könüllüləri bu diqqət və qayğıya görə hörmətli rektorumuz, professor Nurlana Əliyevaya öz dərin təşəkkürümüzü bildirir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır, onun etimadını layiqincə doğruldacağımızı bildiririk.