Hər il olduğu kimi bu il də qarşıdan gələn Yeni il ilə əlaqədar olaraq Bakının bir sıra ərazilərində bayram yarmarkaları qurulub. Əsasən şəhərdə, metro stansiyalarının qarşısında quraşdırılan bayram çadırları yanvar ayının əvvəlinə kimi fəaliyyət göstərəcək.
“Report”un əməkdaşı metronun “28 May” stansiyasının qarşısında təşkil olunmuş bayram yarmarkasında olub və qiymətlərlə maraqlanıb.
Yarmarka satıcısı Naib İsmayılov bildirib ki, bayram çadırlarının qurulmasına baxmayaraq, hələ satış zəifdir. O, məhsulların endirimdə olduğunu bildirib. Satıcının sözlərinə görə, yarmarkada 25-30 manata qədər təklif olunan məhsullar mövcuddur. Məsələn, özünün satdığı məhsullar arasında ən ucuzu rəngli şam ağacı oyuncağıdır, qiyməti 1 manatadır.
Şam ağaclarının qiymətinə gəlincə, yarmarkada Yeni il simvolunun qiyməti ölçülərinə və keyfiyyətinə görə dəyişir. Ən kiçik ölçülü yolkanın 60 sm olduğunu söyləyən satıcı bunun da qiymətinin 5 manat təşkil etdiyini bildirib:
“Böyük ölçülü, hərəkətli Şaxta baba oyuncaqları isə 35 AZN təşkil edir və bu, daha çox dekor məqsədilə istifadə olunur. Qarşıdan gələn Yeni ilin atributu sayılan yumşaq dovşanlar isə hər qiymətə mövcuddur: 15 manatdan tutmuş 35 manata qədər. Yolka işıqlarının qiyməti uzunluğuna görə dəyişir. 4-5 metrlik yolka işıqları 2 manatdan başlayır, 30 metr olan yolka işıqlarının qiyməti isə 25 manatdır”.
Yarmarkanın digər satıcısı Azər Şahverdiyev isə bildirib ki, alıcılar satışa çıxarılan məhsulların qiymətlərindən razıdırlar:
“Hələ ki qiymətlərlə bağlı narazılıq edən olmayıb. Burada 10 qəpiyə 2 ədəd rəngli şarlar almaq da mümkündür. Daha çox dekor məqsədilə istifadə olunan stolüstü yolkaların qiyməti isə 1 manatdır. Ən böyük yolkamız 70 manata təklif olunur. Zərlərimizin qiyməti 40 qəpikdən başlayır və 2-3 manata qədər davam edir”.
Satıcı Kənan Məmmədov isə vurğulayıb ki, hər il qurulan bayram yarmarkalarında Yeni ilə aid bütün atributları tapmaq mümkündür:
“Qiymətlərimiz münasibdir, real alıcılara endirimlərimiz də olur. Daha çox zərlərə və yolka oyuncaqlarına tələbat var. Daha çox azyaşlılar yumşaq dovşan oyuncaqları ilə maraqlanır, 2-3 manata satırıq”.
Həmçinin satıcı onu da qeyd edib ki, kiçik şam ağaclarının qiyməti 5 manatdan başlayaraq 25-30 manata qədər dəyişir:
“Şam ağacının bəzəyi sayılan rəngbərəng zərlərin qiyməti isə 50 qəpik, keyfiyyətinə görə isə 2 manat təşkil edir. Yolka oyuncaqları qutu şəkilində, ölçüsünə görə 5-6-8 manata satılır.
Alıcılara məsləhət görürük ki, evlərini və quraşdırdıqları şam ağaclarını bəzəmək üçün bura üz tutsunlar, çünki çeşidlərimiz çoxdur. Hər kəs öz büdcəsinə uyğun məhsulları gəlib əldə edə bilər”.
Bayram məhsullarının satıldığı yarmarkaya üz tutan alıcı Sona Həsənova isə burada qiymətlərlə maraqlandığını bildirib:
“Buradan keçirdim, bayram yarmarkasını görüb gəldim. Qiymətlərlə maraqlandım. Bu il şam ağacı almayacağam, çünki ötən il aldığım yaxşı vəziyyətdədir. Hələ ki, oyuncaq dovşanı almağı düşünürəm, hədiyyə edəcəyəm. Musiqilidir, qiyməti 25 manatdır”.
www.102info.az